İdarə rəisi: Antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolunun tikintisinə başlanılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ildə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan hesabat iclası keçirilib.
Fhnews.az agentliyə istinadla xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yenilədiyini, milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə etdiyini bildirib.
İclasda çıxış edən Azərbaycan agentliyin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov ölkə başçısının müvafiq Sərəncamı əsasında yol infrastrukturuna xidmət göstərilməsi və infrastrukturun möhkəmləndirilməsi üçün yeni alınan maşın-mexanizmlər, həmçinin istismarda olan yol texnikaları üçün alınmış ehtiyat hissələri barədə məlumat verib.
Qeyd olunub ki, yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar respublika ərazisində yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb olunub. Ehtiyac yarandıqca da yeni texnikaların alınması istiqamətində işlər davam etdiriləcək.
Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsinin nəzərdə tutulduğunu, bu layihələrdən 7-nin tikintisinin artıq başa çatdığını, proqrama əsasən digər avtomobil yolları layihələrinin 2026-cı ilədək yekunlaşdırılacağının nəzərdə tutulduğunu söyləyib.
Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 19-da lokal antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolları üzrə tikinti işlərinə artıq başlandığını qeyd edən Kamran Əzizov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamlarına uyğun olaraq işğaldan azad olunmuş şəhər ərazilərində yerləşən küçə və yolların layihələndirilməsi və yenidən qurulması işlərinə start verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən cari ilin beş ayı ərzində ümumilikdə 70,5 min əhalinin yaşadığı 68 yaşayış məntəqəsini birləşdirən 263,1 kilometr uzunluğa malik 10 kəndlərarası avtomobil yolu layihəsinin icrası davam etdirilib.
Bununla yanaşı, Bakı ərazisində də vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən tikinti və təmir işləri davam etdirilib.
Sonda ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tədbirlərin operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...