22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzalayıb

14-06-2024
IMG

İcbari tibbi sığortanın tətbiq edildiyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən növbəti təlim proqramı başa çatıb.

Fhnews.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim proqramının bağlanış mərasimində Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb elmləri fakültəsinin dekanı Emine Özmete, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Beynəlxalq əlaqələr və tərəfdaşlıq departamentinin rəhbəri Uğur Tanyeli, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.

Tədbirdə agentlik, TƏBİB və Ankara Universiteti arasında ali təhsilin magistratura səviyyəsi üzrə təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd agentlik və TƏBİB-in ehtiyacları əsasında müvafiq əməkdaşlarının Ankara Universiteti Tibb Elmləri İnstitutunun Səhiyyənin İdarə edilməsi ixtisasında Dissertasiyasız Magistratura proqramı üzrə təhsil almaq imkanını müəyyən edir. Anlaşma memorandumu səhiyyənin idarə edilməsi sahəsində birgə təhsil, təlim və tədqiqat fəaliyyətinin həyata keçirilməsi, elmi konfranslar, simpoziumlar və seminarlar təşkil etmək kimi əməkdaşlıq sahələrini də əhatə edir.

Ankara Universitetində keçirilən təlimdə agentlik və TƏBİB-in səlahiyyətli şəxsləri, həmçinin TƏBİB-in tabeliyindəki 12 tibb müəssisəsinin rəhbər şəxsləri olmaqla ümumilikdə 21 nəfər iştirak edib. 11 günlük təlim proqramında xəstəxanalarda mühasibat və tibbi mühasibat uçotu, keyfiyyətin idarə edilməsi və akkreditasiya, tibbi avadanlığın idarə edilməsi, insan resurslarının idarə edilməsi, tibb müəssisəsinin effektivliyinin qiymətləndirilməsi, liderlik və idarəetmə bacarıqları, məlumatların təhlili və süni intellekt, beynəlxalq səhiyyə siyasəti və islahatlar, səhiyyə informasiya sistemlərinin idarə edilməsi, tibbi sığorta və xəstəxana münasibətləri, strateji qərarların verilməsi kimi mövzular tədris olunub.

Təlim iştirakçılarının Ankaradakı Bilkent Şəhər Xəstəxanası, Etlik Şəhər Xəstəxanası və İbn Sina Araşdırma Xəstəxanalarına tanışlıq səfəri təşkil olunub. Səfər müddətində onlar tibb müəssisələrinin təcili yardım, reanimasiya, sterilizasiya, ginekologiya, kardiologiya, inzibati idarəetmə və digər bölmələrin fəaliyyəti ilə əyani tanış olublar.

Qeyd edək ki, təlim agentlik ilə Ankara Universiteti arasında imzalanan “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və TİKA-nın dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Paylaş: