İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Türkiyənin Sosial Müdafiə Qurumu arasındakı Anlaşma Memorandumunun müddəti uzadılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərində işgüzar səfərdə olub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər agentlik ilə Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu (SGK) arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.
Səfər zamanı nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıblar.
Səfər çərçivəsində Z.Əliyev SGK sədri Raci Kaya ilə görüşüb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə SGK arasında 2021-ci ildə imzalanan Anlaşma Memorandumuna əsasən əməkdaşlığın qarşılıqlı faydalı olduğu nəzərə alınaraq, Anlaşma Memorandumunun müddəti uzadılıb. Memorandumun məqsədi icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.
Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı icbari tibbi sığorta sahəsində hər iki ölkənin qazandığı təcrübə, sığorta sisteminin idarə edilməsi, planlaşdırılması və maliyyələşdirilməsinin tənzimlənməsi və işin təşkili ilə bağlı mövzuları əhatə edir.
Z.Əliyev, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və digər aidiyyəti qurumlarla da görüşlər keçirib. O işğaldan azad olunmuş ərazilərdə (Ağdam və Zəngilan) quraşdırılan modul tipli xəstəxanaların TİKA tərəfindən tibbi avadanlıqlarla təchizatında və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinin inzibati heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün Ankara Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Xəstəxanaların idarə edilməsi” layihəsinin təşkilində göstərilən dəstəyə görə qurumun sədri Sərkan Kayalara minnətdarlığını bildirib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...