22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Heyvan kəsimi necə həyata keçirilməlidir - qaydalar açıqlanıb

13-06-2024

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil edib.

Fhnews.az xəbər verir ki, media nümayəndələrinin iştirak etdiyi infoturun keçirilməsində məqsəd qida təhlükəsizliyi tələblərinə uyğun heyvan kəsimi və satışı fəaliyyətinin, həmçinin bu prosesin Qurban bayramı ərəfəsində təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün zəruri tədbirlərlə bağlı jurnalistləri məlumatlandırmaq olub.

AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov tədbirdə iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların qida təhlükəsizliyi tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verib.

E.Mikayılov bildirib ki, bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.

“Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılacaq, qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək”, - deyə Agentlik rəsmisi vurğulayıb.

Daha sonra jurnalistlərə Xəzər rayonu ərazisində fəaliyyət göstərən “AzProtein Foods Group” şirkəti ilə yaxından tanış olmaq imkanı yaradılıb, onlara kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Kəsim prosesində baytarlıq-sanitariya qaydalarına əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, əvvəlcə həkim nəzarətindən keçən heyvanlar daha sonra kəsimxanaya daxil edilir. Üzü qibləyə tərəf tutulan heyvan kəsildikdən sonra 5-6 saniyə ərzində qanı süzülür. Bundan sonra heyvanın dərisi soyularaq içalatı çıxarılır, yuyulur və çəkisi çəkilir.

Qeyd edək ki, infotur çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Paylaş: