Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.
Fhnews.az xəbər verir ki, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirib, istedadlarını nümayiş etdiriblər.
Festivalda Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.
Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, Daun sindromlu uşaqlar da iştirak ediblər.
Uşaqlar üçün xüsusi ayrılan zonadakı səhnədə gənc istedadların ifasında konsert proqramı təqdim edilib. Səhnədə “Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29” konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil olunub. “Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri, “Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların ətraf mühitin qorunmasındakı rolu nümayiş etdirilib.
Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və uşaqlar arasında yarışlar keçirilib, uşaqlara şahmat yarışlarında, futbol üzrə ustad dərslərində iştirak etmək, öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb.
Hər bir uşağın öz sevimli personajını canlandırmaq arzusu nəzərə alınaraq, balaca ziyarətçilərin üzləri “Face art” vasitəsilə müxtəlif şəkil və cizgi filmlərinin qəhrəmanları kimi bəzədilib. Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə görüşünü, onlarla birlikdə əylənməsini təşkil edib.
“Street art” - küçə incəsənəti üçün ayrılan ərazidə uşaqlar asfalt üzərində rəsmlər də çəkiblər.
Azərbaycan Avtomobil Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlimlər keçirilib, Heydər Əliyev Mərkəzinin parkında kiçik avtomobillərlə ralli təşkil olunub.
Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün isə oxu saatı keçirib.
Arxeoloji meydançada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketlərini aşkarlayıb, onları tədqiq ediblər.
Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla maariflənməsi isə “Safari tur” zonasında mümkün olub.
Festivalda gənclərin maraq göstərdikləri “Playstation zonası” da fəaliyyət göstərib.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı uşaqların pulsuz göz müayinəsini aparıb.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.
Balacalardan bir neçəsi festivalla bağlı unudulmaz təəssüratlarını AZƏRTAC ilə bölüşüb.
“Uşaq festivalın”na ikinci dəfə qatıldığını deyən Leyla Həsənova burada çox əyləndiyini deyib: “Festivalda yeni kitablar əldə etdik, digər uşaqlarla birlikdə mahnılar oxuduq, vaxtımızı səmərəli keçirdik. Ümumiyyətlə, burada hər şey çox möhtəşəmdir”. O, budəfəki festivalın əvvəlkindən daha maraqlı olduğunu deyib.
Doqquz ildir ki, rəqslə məşğul olduğunu deyən Raul Hüseynli festivala Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qatıldığını bildirib və üzvü olduğu rəqs qrupunun da bu gün Şuşada çıxış edəcəyini deyib: "Biz “Uşaq festivalı”nda “Odlar Yurdu” rəqs kompozisiyasını ifa edəcəyik”.
Balaca müsahibimiz əlavə edib ki, təşkil olunan festival digər uşaqlar kimi, onda da xoş təəssüratlar yaradıb. O, bundan əvvəl də uşaqlar üçün xüsusi olaraq keçirilən festivallarda iştirak etdiyini söyləyib.
Nurar Məlikova da festivalın ürəyincə olduğunu və əyləncəli proqramlarla keçirildiyini bildirib. O, doyunca rəqs etdiyini, yelləncəklərdən və digər əyləncə qurğularından istifadə etdiyini deyib.
Festivalın onlarda yaratdığı xoş təəssüratlardan danışan Raul Abbaszadə bu gözəl bayram tədbirində ilk dəfə iştirak etdiyini xatırladıb. Bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün festival olduqca əhəmiyyətlidir və buraya gələn azyaşlılar çox sevinirlər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...