23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Energetika naziri BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi”ndə “yaşıl enerji” təşəbbüslərindən danışıb

20-04-2024

Nyu-Yorkda energetika naziri Pərviz Şahbazov ilə BMT Baş Assambleyasının prezidenti Denis Frensis arasında görüş olub.

Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla BMT əlaqələrinin inkişafı, “Dayanıqlı İnkişaf Məqsədləri”nin yerinə yetirilməsi və COP29 çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov neft-qaz resursları ilə regionda və dünyada enerji təchizatında mühüm rol oynayan Azərbaycanın hazırda yaşıl enerji keçidi ilə bağlı ciddi addımlar atdığını bildirib. COP29 zamanı ölkəmizin təcrübə və təşəbbüslərini beynəlxalq enerji ictimaiyyəti ilə bölüşməklə yanaşı, iqlim və yaşıl enerji öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyələşmə üzrə mühüm nəticələrin əldə edilməsinə fokuslandığı diqqətə çatdırılıb. Yaşıl enerji sahəsinə investisiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə investisiya forumlarının keçiriləcəyi barədə məlumat verilib.

BMT Baş Assambleyasının ilk dəfə keçirilən Dayanıqlılıq Həftəsində Azərbaycanın təmsil olunmasına görə təşəkkürünü bildirən prezident Denis Frensis isə iqtisadiyyatın transformasiyası, dayanıqlı inkişaf və yaşıl enerji sahəsində ölkəmizin səylərini yüksək qiymətləndirib. Baş Assambleyanın prezidenti enerji keçidinin “Dayanıqlı İnkişaf Məqsədləri”nin bir çoxu üzrə irəliləyişlərə təkan verdiyini vurğulayaraq bu xüsusda beynəlxalq əməkdaşlığın vacibliyini bildirib. COP29-a ev sahibliyinə görə Azərbaycanı təbrik edən Denis Frensis ölkəmizin zəngin təcrübəsinin bu tədbirin uğurla keçirilməsinə, qlobal iqlim və yaşıl enerji məqsədlərinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə ikitərəfli və COP çərçivəsində əməkdaşlığın digər aspektləri ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş: