22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dövlət qulluğu: islahatlar və perspektivlər

23-06-2024
IMG

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Ərazi bütövlüyünü və tam suverenliyini bərpa edən Azərbaycan iqtisadi, sosial və siyasi inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü islahatlar ictimai həyatın müxtəlif sahələrində nəzərəçarpan irəliləyişə nail olmağa imkan vermişdir.

Baş verən siyasi və iqtisadi çağırışlara, vətəndaşların həmin çağırışlar fonunda formalaşan yeni gözlənti və tələblərinə uyğunlaşmaq başlıca məqsədlərdən birini təşkil edir.

Bu çağırışlar yeni texnologiyaları çevik mənimsəyən, müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlara tələbatı artırır, sistemli və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi üçün çevik institusional mexanizmlərin yaradılmasını, dövlət idarəçiliyində, xüsusən də insan resurslarının idarə edilməsində yeni yanaşmaların tətbiqini zəruri edir.

Son illərdə ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi qəbul edilmiş və bu istiqamətdə atılan bütün təşəbbüslər dövlət tərəfindən dəstəklənmişdir.

Bu fikirlər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "Dövlət qulluğu: islahatlar və perspektivlər" məqaləsində yer alıb. Fhnews.az həmin məqaləni təqdim edir:

-Dünyada olduğu kimi, Azərbaycanda da  dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və  cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir. Dövlət orqanlarının səriştəli kadrlarla təmin edilməsi, dövlət qulluğuna yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi dövlət səviyyəsində kadr siyasəti və kadr işinin düzgün təşkilindən olduqca asılıdır. Dövlət qulluğunda kadr siyasəti dövlətə və cəmiyyətə qulluq üçün lazımi keyfiyyətlərə malik peşəkar dövlət qulluqçularını formalaşdırmaqla, müasir kadr idarəetmə mexanizmi və texnologiyasını tətbiq etmək və dövlət orqanlarında kadr xidmətinin rolunu və məsuliyyətini artırmaqla realizə olunur.

Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.

Dövlətimizin bu sahə ilə bağlı formalaşan siyasəti dövlət idarəçilik institutunun müntəzəm olaraq təkmilləşdirilməsinə, onun modernləşməsinə yönəlmiş siyasətdir. Eyni zamanda, dövlət qulluğunda çalışanlara qarşı qayğı da dövlət tərəfindən daim diqqət mərkəzindədir və cənab Prezident tərəfindən dövlət qulluqçularının sosial təminatının yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər görülür. Bu qayğının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı təsis edilib və 23 İyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Fürsətdən istifadə edərək dövlətimizin inkişafı, tərəqqisi və rifahı naminə çalışan hər bir dövlət qulluqçusunu ürəkdən təbrik edir və bu şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.

Eyni zamanda bildirmək istəyirəm ki, Mərkəzin müvafiq istiqamətdə əsas fəaliyyəti dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, dövlət qulluğuna namizədlərin müsabiqə yolu ilə seçilməsi, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsi, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsinə nəzarət, dövlət qulluqçularının peşəkarlığının artırılmasına dair müvafiq tədbirlərin görülməsi, dövlət qulluğunda maarifləndirmənin həyata keçirilməsi, dövlət qulluqçularının reyestri və vəzifələrin idarə olunması üzrə elektron sistemlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlıdır.

Dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, fəaliyyət planı

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın  əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 1.3-cü bəndinin icrası ilə bağlı Mərkəz tərəfindən “Dövlət qulluqçusunun karyera inkişaf planı”nın hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi, Fəaliyyət Planının 3.1-ci bəndinin icrası ilə bağlı “Azərbaycan Respublikasında 2023-2025-ci illər üzrə dövlət qulluqçuları üçün Təlim Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı layihəsi, Fəaliyyət Planının 4.1-ci bəndinin icrası ilə bağlı “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi hazırlanmışdır.

Fəaliyyət Planının 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq  dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsində səriştə (kompetensiya) modelinin tətbiq edilməsi istiqamətində işlər davam etdirilir.

Ümumi səriştələri ölçən alətlərin – situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması üçün mütəxəssislərin yetişdirilməsi məqsədilə “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzin əməkdaşları xarici mütəxəssislər tərəfindən verilən təlimlərdə iştirak etmişlər. Təlim çərçivəsində xarici mütəxəssislərin bilavasitə müşahidə və nəzarəti altında  Mərkəzin əməkdaşları situasiya mühakimə testləri üzrə müxtəlif səriştələrin ölçülməsi üçün nəzərdə tutulmuş yüzlərlə tapşırıq hazırlamışdır.

Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması prosesini intensivləşdirmək və bu sahədə yerli mütəxəssislərin yetişdirilməsi prosesinin əhatə dairəsini genişləndirmək məqsədilə müxtəlif sahələr üzrə çalışan mütəxəssisləri Mərkəz prosesə cəlb etmişdir. Müəyyən edilmiş meyarlar əsasında mütəxəssislər seçilmiş, onlara situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması üzrə təlimlər keçirilmişdir. Təlim materialını uğurla mənimsəmiş iştirakçılarla müqavilə bağlanmış, onlar situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması prosesinə cəlb edilmişdir. Hazırda ekspert qrupunun formalaşdırılması prosesi davam etdirilir.

Ötən il SIGMA layihəsi çərçivəsində dövlət qulluqçularının qiymətləndirilməsinin təkmilləşdirilməsi üçün funksional səriştələrin modelinin hazırlanması ilə bağlı xarici mütəxəssislərlə ilkin görüşlər keçirilmişdir. Görüşlər zamanı layihənin məqsəd və vəzifələri dəqiqləşdirilib, onun iş planı ilə ilkin tanışlıq olub. Funksional səriştələr – vəzifənin fəaliyyət istiqamətinə uyğun olaraq spesifik səciyyə daşıyan səriştələri əhatə edir. Bu səriştələr konkret vəzifə və öhdəliklər əsasında müəyyən olunur, həmçinin zəruri olan texniki bilik, bacarıq və təcrübəni ehtiva edir.

Eyni zamanda, 30 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda keçirilmiş forumda DİM dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiqi ilə bağlı layihəni dövlət orqanlarının müzakirəsinə təqdim etmişdir.

Fəaliyyət Planının 2.3-cü bəndinə uyğun olaraq 2023-cü ilin sonunda mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları, məhkəmə orqanları, yerli icra hakimiyyəti orqanlarının aidiyyəti şöbələrinin müdirləri və kadr məsələləri üzrə məsul şəxslərinin iştirakı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi” mövzusunda görüş təşkil edilmişdir. Görüşdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilmişdir.

Fəaliyyət Planının 3.2-ci bəndinə uyğun olaraq dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlimlər keçirilmişdir. “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda keçirilən təlimlər zamanı iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları barədə məlumat verilmişdir.

Fəaliyyət Planının 6.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi layihəsi təkmilləşdirilmiş və aidiyyəti üzrə təqdim edilmişdir. Məcəllənin layihəsində dövlət qulluğuna dair bir sıra yeniliklər və dəyişikliklər nəzərdə tutulmuşdur.

Fəaliyyət Planı” nın 7.1-ci bəndində dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin mediada təbliği və təşviqi üçün görülən işlərin davam etdirilməsi nəzərdə tutulur.  Qeyd olunan tədbirin icrası ilə əlaqədar Mərkəz tərəfindən dövlət qulluğunun təbliği və təşviqi, vətəndaşların dövlət qulluğuna marağının yüksəldilməsi məqsədilə “Dövlət qulluqçularımızı tanıyaq” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində  müsahibə əsasında dövlət qulluğuna qəbul edilmiş və hazırda dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərin, habelə dövlət qulluğuna yeni qəbul edilmiş şəxslərin iştirakı ilə mütəmadi olaraq videoçarxlar hazırlanacaqdır. Qeyd olunan videoçarxlarda dövlət qulluğuna qəbul, habelə dövlət qulluğunda uğurlu karyera yolu barədə dövlət qulluqçuları tərəfindən izləyicilərə,  o cümlədən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərə məlumat verilməsi nəzərdə tutulur.

Fəaliyyət Planının 7.2-ci bəndinin icrası məqsədilə ali təhsil müəssisələrində dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə 2023-cü il ərzində bir sıra tədbirlər həyata keçirilmiş, görüşlər təşkil edilmişdir. Mərkəz dövlət qulluğunun təbliği və təşviqi məqsədilə Bakı şəhərində və regionlarda mütəmadi görüşlər keçirmişdir. Gənclərin dövlət qulluğuna cəlb edilməsi, dövlət qulluğunun təbliği və təşviqi məqsədilə təşkil edilmiş görüşlərdə iştirakçılara dövlət qulluğuna qəbul qaydaları, test imtahanı və müsahibə mərhələləri, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, Mərkəzin dövlət qulluğu ilə əlaqədar elektron xidmətləri və dövlət qulluğuna dair digər məsələlər barədə məlumat verilmişdir. Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetində yuxarı kurs tələbələri və gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının nümayəndələri ilə dövlət qulluğunun təbliği və təşviqi mövzusunda  maarifləndirici görüş keçirilmişdir. Tədbirdə 500-dən çox şəxs iştirak etmişdir. Mərkəz və Gənclər İdman Nazirliyi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin, “Gənclər evi” sosial xidmət müəssisələrinin əməkdaşlarının və dövlət qulluğuna hazırlaşan gənclərin iştirakı ilə “maarifləndirmə tədbiri keçirilmişdir.

“Dövlət qulluqçularının təliminin vahid elektron idarəetmə sistemi”, dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması

Eyni zamanda, Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi məqsədilə əsas hədəflər və bu hədəflərə çatmaq üçün orta və uzunmüddətli çoxşaxəli, ardıcıl, mərhələli tədbirlər müəyyən edilmişdir. Dövlət qulluqçularının davamlı peşəkar inkişafını təmin etmək məqsədilə həmin fəaliyyət planlarına uyğun olaraq bu sahəyə dövlət orqanlarının marağı artırılmalı, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyəti təkmilləşdirilməli və əlaqələndirilməli, dövlət qulluqçularının təlimə olan tələbatlarını (təlim ehtiyaclarını) hərtərəfli ödəyən və müasir tələblərə cavab verən peşəkar və davamlı təlim sistemi formalaşdırılmalıdır. Dövlət qulluqçularının təlimi dövlət orqanlarının tələbatına və dövlət qulluqçularının maraqlarına uyğun həyata keçirilən, dövlət qulluğunda çalışmaq üçün zəruri bilik, bacarıq, təcrübə və səriştələrin mənimsənilməsindən və təkmilləşdirilməsindən ibarət məqsədyönlü və sistemli prosesə çevrilməlidir.

Dövlət qulluqçularının təlimə olan tələbatlarının (təlim ehtiyaclarının) müəyyən edilməsi, təlimlərin daha effektiv təşkili, sistemli və əlaqələndirilmiş keçirilməsi, təlim nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təlim-tədris mərkəzlərinin, elm və təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Mərkəz tərəfindən “Dövlət qulluqçularının təliminin vahid elektron idarəetmə sistemi” yaradılmışdır.

Bu sistem imkan yaradır ki, dövlət orqanları, dövlət qulluqçuları və təlim-tədris mərkəzlərinin iştirakı ilə mövcud təlim tələbatları əsasında müxtəlif təlim modulları üzrə təlimlər təşkil olunsun, təlimlərin qiymətləndirilməsi və hesabatlılığı təmin olunsun. 30 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda keçirilmiş forumda qeyd edilən sistem DİM tərəfindən dövlət orqanlarının müzakirəsinə təqdim edilib.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da qeyd edildiyi kimi qlobal rəqabətin əsas faktoru kimi keyfiyyətli insan kapitalı, texnoloji modernizasiya və dayanıqlı iqtisadi artım öz mühümlüyünü saxlayır. Strategiyanın Fəaliyyət Planının 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Mərkəz 2023-cü il ərzində Bakı (Bakı şəhəri), Abşeron–Xızı, Dağlıq Şirvan, Gəncə–Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Şirvan–Salyan iqtisadi rayonlarında 10000-ə yaxın dövlət qulluqçusunun iştirakı ilə "Münaqişələrin idarə edilməsi”; “Rəhbər vəzifəli şəxlər üçün insan resurslarının idarə edilməsi və liderlik", "Dövlətin əsasları”, “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi", "Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları", "Xidmət mədəniyyəti və vətəndaş məmnuniyyətinin təmin edilməsi şərtləri", “Kuratorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mentorluq” və digər mövzularda təlimlər təşkil etmişdir.

Dövlət qulluğuna qəbul, fəaliyyətin davam etdirilməsi, müsahibə elanları

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə uyğun olaraq, Mərkəz 2023-cü il ərzində dövlət qulluğu sahəsində fəaliyyətini uğurla davam etdirmişdir. Bu dövr ərzində dövlət qulluğu sahəsində fəaliyyətə dair əsas məlumatları oxucuların diqqətinə təqdim edirəm.

Mərkəz ötən il ərzində dövlət qulluğu üzrə test imtahanlarının və müsahibələrin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə keçirilməsini səlahiyyəti daxilində təmin etmişdir. Qeyd olunan dövrdə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının qanunvericilik üzrə proqramlarında müəyyən dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər müvafiq proqramların qismən sadələşdirilməsi və uyğunlaşdırılması ilə müşayiət olunmuşdur.

Dövlət qulluğu üzrə test imtahanlarının daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sistemində baş verən dəyişikliklər nəzərə alınaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi olaraq yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.

Dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin yoxlanılması məqsədilə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib və imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib.

Dövlət qulluğunda səriştə modelinə keçid məqsədilə bankda situasiya tipli (kazus), sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqların sayı artırılır, il ərzində keçirilən test imtahanlarında bu tip tapşırıqlardan istifadə olunur.

2023-ci il ərzində dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər (idarəetmə) vəzifələrin AB və AC vəzifə qrupları üzrə 6, B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) 6 olmaqla, ümumilikdə 12 test imtahanı keçirilmişdir. Namizədlərin test imtahanlarında iştirakı ilə bağlı məlumatlar təhlil edilərkən məlum olur ki, test imtahanına qeydiyyatdan keçənlərin böyük əksəriyyəti (97.89%) imtahanda iştirak etmiş, onlardan 4709-u (32.71%) sertifikat əldə etmək hüququ qazanmışdır. Sertifikat əldə edən şəxslər BB vəzifə qrupu üzrə (80.61%) üstünlük təşkil  edir.

2023-cü il ərzində dövlət qulluğunun A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr və B növü - inzibati icraçı vəzifələr üzrə Mərkəzin keçirdiyi test imtahanlarında respublikamızın 50 ali təhsil müəssisəsinin, habelə müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları iştirak etmişdir.

Test imtahanında uğur əldə edərək sertifikat alan namizədlərin sayına diqqət etdikdə, Bakı Dövlət Universiteti (1032) və Azərbaycan Dövlət İqtisad Universitetinin (665) məzunlarının ilk sıralarda olduğu məlum olur. Bakı Dövlət Universitetinin məzunları həm B növü - inzibati icraçı vəzifələr üzrə (1008), həm də  A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (24) ən yüksək nəticə göstərmişdir.

2023-cü il ərzində inzibati vəzifələrin AB, AC, BA və BB vəzifə qruplarına uyğun olaraq dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə 6  test imtahanı təşkil edilmişdir. Namizədlərin test imtahanlarında iştirakı ilə bağlı məlumatlar təhlil edilərkən məlum olur ki, test imtahanına qeydiyyatdan keçənlərin böyük əksəriyyəti (99.12%) imtahanda iştirak etmiş, həmin namizədlərdən  825-i müvafiq vəzifə altqrupuna uyğun sertifikat əldə etmişdir. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanlarında Qida Təhlükəsizliyi Agentliyində çalışan dövlət qulluqçuları həm qeydiyyat, həm iştirak, həm də müvafiq sertifikat əldə  edənlər siyahısında ilk sıralardadır.

Dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə məlumat verir. Mərkəz tərəfindən müvafiq qərarlara uyğun olaraq müsahibə elanları hazırlanır.

Ötən il ərzində 110 dövlət orqanında vakant olan 1431 inzibati vəzifənin tutulması məqsədilə 4-ü A növü və 4-ü B növü üzrə olmaqla 8 müsabiqənin müsahibə mərhələsi üzrə elan verilmişdir. Həmin vəzifələrin 150-si inzibati rəhbər vəzifələrə (A növü), 1281-i isə inzibati icraçı vəzifələrə (B növü) aid olmuşdur. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifəni Kənd Təsərrüfatı Nazirliyi (336 vəzifə)  çıxarmış, ən çox müraciət isə Qida Təhlükəsizliyi Agentliyi üzrə (2073 müraciət) qeydə alınmışdır.

Qeyd olunan dövr ərzində 50 dövlət orqanında vakant olan 440 inzibati vəzifənin tutulması məqsədilə 5 ümumi müsahibə elanı verilmişdir. Ən çox vəzifəni Qida Təhlükəsizliyi Agentliyi (133 vəzifə) elana çıxarmış, ən çox müraciət isə İqtisadiyyat Nazirliyi üzrə (183 müraciət) qeydə alınmışdır.

2023-cü il ərzində 75 dövlət orqanında vakant olan 580 inzibati vəzifənin tutulması məqsədilə 13 daxili müsahibə elanı verilmişdir. Ən çox vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (56 vəzifə) elana çıxarmış, ən çox müraciət isə Maliyyə Nazirliyi üzrə (168 müraciət) qeydə alınmışdır.

Dövlət qulluğu üzrə müsahibələr xüsusi proqram təminatı vasitəsilə keçirilmişdir. Mərkəz müsahibələrin onlayn qaydada təşkil edilməsi məqsədi ilə zəruri texniki və digər tələblərin müəyyən edildiyi müvafiq Təlimat hazırlamışdır. Mərkəzin və dövlət orqanlarının onlayn qaydada təşkil edilən müsahibələrin keçirilməsi ilə bağlı müsahibə komissiyasının üzvü qismində iştirak edən nümayəndələri, habelə müstəqil ekspertlər üçün onlayn treninqlər təşkil edilmişdir.

2023-cü il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə planlaşdırılmış 12923 müsahibədən 5822-sinin (45.05%) keçirilməsi təmin edilmiş, 7101 (54.95%) müsahibə müxtəlif səbəblərdən (namizədin iştirak etməməsi və ya iştirakdan imtina etməsi, müsahibənin təxirə salınması, müsahibənin ləğv edilməsi) baş tutmamışdır.

Planlaşdırılan daxili müsahibələrin böyük əksəriyyəti keçirilsə də (80.12%), müsabiqə üzrə müsahibələrin 4635-ni (41.1%) keçirmək mümkün olmuşdur. Baş tutmamış müsahibələrin əksər hissəsi müsabiqənin müsahibə mərhələsi üzrə qeydə alınmışdır. Müsabiqənin müsahibə mərhələsi üzrə planlaşdırılmış 6028 (53.45%) müsahibə namizədlərin iştirakdan imtina etməsi, 496 (4.4%) müsahibə isə iştirak etməmələri səbəbindən baş tutmamışdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibələrdə uğur əldə etmiş şəxslərin vakant vəzifələrə təyinatları ilə bağlı qərarı vakant vəzifənin aid olduğu dövlət orqanının rəhbəri qəbul edir.

Müsahibələrdə uğur əldə etmiş namizədlər 2023-cü il ərzində 1003 vakant vəzifəyə təyin edilmişdir. Ən yüksək təyinat müsabiqə üzrə (493/49.15%) müşahidə edilir. Müsahibələrdə uğur əldə edən namizədlər hesabat dövrü ərzində 40-ı məhkəmə orqanı olmaqla, 67 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin edilmişdir. Dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci (334/33.3%) və 7-ci (426/42.47%) təsnifatına uyğun vəzifələr üzrə aparılmışdır. Ən çox təyinatı İqtisadiyyat Nazirliyi (123/12.26%), Qida Təhlükəsizliyi Agentliyi (120/11.96%) və Maliyyə Nazir­­liyi (85/8.47%) aparmışdır.

Müsabiqə üzrə Qida Təhlükəsizliyi Agentliyi (72/14.60%), ümumi müsahibə (19/12%) və daxili müsahi­bə (46/13%) üzrə isə İqtisadiyyat Nazirliyi daha çox vəzifəyə təyinat aparmışdır. Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı 4-cü təsnifat inzibati vəzifələrə  Hesablama Palatası (4/66.66%), 5-ci təsnifat inzibati vəzifələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (21/15.90%), 6-cı təsnifat inzibati vəzifələrə İqtisadiyyat Nazirliyi (21/35%), 7-ci təsnifat inzibati vəzifələrə Qida Təhlükəsizliyi Agentliyi (61/20.67%) aparmışdır. 

Dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər dövlət orqanlarında analoji vəzifələrə  (tutulma şərtləri uyğun olan vəzifələr) təyin edilirlər. Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə Mərkəz tərəfindən xüsusi proqram təminatı -“Dövlət qulluğu – Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi” yaradılıb. Sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması məqsədilə elektron qaydada dövlət orqanlarına təqdim edilməsi, ehtiyat kadrların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi təmin edilir.

Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici 2023-cü il ərzində qeydə alınmışdır. Belə ki, ehtiyat kadrlar 13-ü məhkəmə orqanı olmaqla, ümumilikdə 38 dövlət orqanında 366 vəzifəyə təyin edilmişdir. Daha öncəki ən yüksək göstərici 2016-cı ildə (314) qeydə alınmışdır. Müsbət haldır ki, müsabiqə nəticəsində ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər arasında dövlət qulluğu vəzifələrinə təyinat daha yüksəkdir. Belə ki, qeyd olunan əsasla ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2022-ci ildə 178 analoji vəzifələrə təyin edilmişdirsə, 2023-cü ildə bu say artaraq (47.75 %) 263 vəzifə təşkil etmişdir.

Ehtiyat kadrlar siyahısından vakant vəzifələrə təyinat aparan dövlət orqanları arasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (48 /13.19%), İqtisadiyyat Nazirliyi (46 nəfər/12.64%), və  Maliyyə Nazirliyi (44 nəfər/12.09%) ilk yerləri tutur.

Dövlət qulluğuna qəbulda vahid yanaşmanın tətbiqi nöqteyi-nəzərindən daha bir yenilik ondan ibarətdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən 10 aprel 2023-cü il tarixindən Yerli icra hakimiyyəti orqanlarında dövlət qulluğunun inzibati vəzifələrinin (başçının müavini vəzifələri istisna olmaqla) tutulması müsabiqə, ümumi müsahibə və daxili müsahibə əsasında həyata keçirilir.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 14 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs ləğv edilmiş və Naxçıvan MR-nın müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul məsələlərinin təşkili Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə həvalə edilmişdir.

Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları və Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında inzibati dövlət qulluğu vəzifələrinin tutulmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə Mərkəz tərəfindən müvafiq dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün dövlət qulluğu məsələlərinə dair müxtəlif mövzularda təlimlər  keçirilmişdir. 2023-cü ilin sonundan başlayaraq həm yerli icra hakimiyyəti orqanlarında, həm də Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında olan vakansiyaların tutulması məqsədilə müsahibə elanlarının verilməsinə başlanılmışdır.

Həmçinin Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq keçən  dövlət qulluqçuları və müvafiq struktur bölmələr barədə məlumatların Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi təmin edilmiş, Naxçıvan Muxtar Respublikasında vətəndaşlara verilmiş dövlət qulluğu sertifikatı barədə məlumatlar müvafiq verilənlər bazasına daxil edilmiş, habelə Naxçıvan şəhərində dövlət qulluğuna qəbul üzrə test imtahanlarının keçirilməsinə başlanılmışdır.

Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi

Mərkəz tərəfindən dövlət qulluğu sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində də işlər uğurla davam etdirilir. Belə ki, 2023-cü il ərzində Mərkəzin nümayəndə heyəti bir sıra beynəlxalq tədbirlərdə iştirak etmiş, ölkəmizin dövlət qulluğu sahəsində əldə etdiyi nailiyyətlər barədə iştirakçılara məlumat vermiş, habelə xarici ölkələrin bu sahədə uğurlu təcrübələrini öyrənmişlər. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Məsələləri üzrə Beynəlxalq Komissiyası, GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı), Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi, Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisi, Dövlət Qulluğu üzrə Astana Regional Xab ilə əməkdaşlıqlar davam etdirilmişdir. Həmçinin Mərkəz və Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən, Mərkəz və Agentlik dövlət qulluğu sahəsində müxtəlif  istiqamətlər üzrə təcrübə mübadiləsi aparmağa dair razılığa gəlmişdir.

Eyni zamanda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə 2024-cü ilin 24-25 iyun tarixlərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminar keçirilməsi nəzərdə tutulur. Tədbirin əsas məqsədi insan resurslarının idarə edilməsi proseslərində bilik və qabaqcıl təcrübələrin bölüşdürülməsindən ibarətdir.

Beynəlxalq seminar dövlət qulluğunda səriştə modelinin tətbiqi, dövlət qulluqçularının davamlı peşəkar inkişafı, fəaliyyətin idarə edilməsi, kompensasiya və onun faydaları, dövlət qulluğu üzrə qanunvericiliyinin təkmilləşdirilməsi və icrasına nəzarət, strateji insan resurslarının və istedadların idarə edilməsi kimi komponentləri əhatə edəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının dövlət orqanlarının insan resursları üzrə struktur bölmələrinin rəhbərləri ilə yanaşı, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət qulluğu sahəsində siyasəti həyata keçirən qurumlarının rəhbər şəxslərinin və idarəçilik akademiyalarının rektorlarının iştirakı nəzərdə tutulur.

Həmçinin dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin elektronlaşdırılmasının bu il ərzində tamamlanması və 2025-ci il üzrə qiymətləndirilmənin elektron sistem üzərindən aparılması planlaşdırılır. Bu məqsədlə yaradılmış xüsusi proqram təminatının “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminarda dövlət orqanlarının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulur.

DİM ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa, Azərbaycan Respublikasının dövlət qulluğu sistemində şəffaflığın və səmərəliliyin artırılması, dövlət qulluqçuları­nın inkişafı və yüksək motivasiyasını təmin etmək üçün bütün imkan və bacarıqlarından istifadə etməyə davam edəcəkdir.

Bir daha peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edir, onlara cansağlığı, ruh yüksəkliyi və yeni nailiyyətlər arzu edirəm!

 

Paylaş: