22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

DİM: 2500-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə test imtahanı verəcək

28-06-2024
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan bütün binalarda saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla, ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 26 imtahan rəhbəri, 221 nəzarətçi və 36 buraxılış rejimi əməkdaşı ayrılıb.

Paylaş: