Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır
Çin özünün kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupunu - “Şencou-18” (Shenzhou-18) missiyasını kosmosa göndərməyə hazırlaşır.
Fhnews.az Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-18” missiyasında astronavtlar Yı Quanfu, Li Çon və Li Quansu iştirak edəcəklər. Kosmik gəmini orbitə aparacaq “Böyük yürüş -2F” daşıyıcı raketinin Ciuçüən məntəqəsindən aprelin 25-də yerli vaxtla səhər saat 8:59-da buraxılması planlaşdırılıb. Raketin buraxılışı ilə əlaqədar bütün texniki testlər icra olunub, son məşq başa çatıb.
“Şencou-18” missiyası kosmik stansiyada 6 aylıq fəaliyyətini aprelin 30-da başa vurmalı olan “Şencou-17” missiyasının astronavtları Tan Honbo, Tan Şencie və Cian Sinlini əvəz edəcək. “Şencou-18” missiyasının astronavtlarının da stansiyada təxminən 6 ay qalması nəzərdə tutulub.
Bu, Çinin orbitə göndərdiyi 13-cü pilotlu missiyası, ümumilikdə isə 31-cu missiyasıdır. Astronavtlar kosmik stansiyada, o cümlədən açıq kosmosda bir neçə tapşırıq və test həyata keçirəcək.
ÇXR-in kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...