Cari ilin 5 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 934 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2024-cü ilin yanvar-may aylarının yekununa dair məlumatı açıqlayıb.
Fhnews.az xəbər verir ki, Komissiyadan verilən məlumata görə, 2024-cü ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 min 856 cinayət faktı aşkarlanıb. Onlardan 1 391-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 408-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 54-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 828 kiloqram 028,848 qram narkotik vasitələrin və psixotrop maddələrin 366 kiloqram 854,895 qramını heroin, 2 ton 233 kiloqram 579,189 qramını marixuana, 80 kiloqram 405,927 qramını tiryək, 27 kiloqram 561,001 qramını həşiş, 111 kiloqram 149,216 qramını psixotrop maddələr, 8 kiloqram 478,62 qramını digər narkotik vasitələr təşkil edib. Göstərilən dövr ərzində 9 min 190 ədəd metadon həbi, 3 min 654 ədəd çətənə kolu və 318,8 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.
Qanunsuz dövriyyədən çıxarılan 2 ton 828 kiloqram 028,848 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 79 milyon 400 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 934 nəfər cəlb edilib. Onlardan 16-18 yaşadək - 1 nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş və ondan yuxarı isə 2 min 240 nəfər təşkil edir. Həmin şəxslərdən 2 min 843-ü kişi, 91-i qadındır. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kiloqram 593,615 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 86 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 866 kiloqram 327,179 qram narkotik vasitə və psixotrop maddə, 9 min 190 ədəd metadon həbi çıxarılıb.
Ümumilikdə, aşkar edilən cinayətlərin 126-sı qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 839 kiloqram 194,26 qram narkotik vasitə, psixotrop maddə və 4,6 qram güclü təsir edən maddə müsadirə edilib. 1 118 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 613 kiloqram 3,6 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
“Təhlil göstərir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 160, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 316, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 42, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 937 kiloqram 288,501 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 389 nəfər azalıb.
Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 223 fakt, qrup halında olan cinayətlərin sayı isə 26 fakt artıb”, - deyə Dövlət Komissiyasının məlumatında qeyd olunub.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 34 min 644 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 118 nəfərdən 739 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
“802” qaynar xətt telefon zəng xidmətinə 196 vətəndaş müraciəti daxil olub ki, onların 57-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 63-ü narkotik asılılıqdan müalicə, 76-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və digərləri) ilə bağlıdır. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 120 məktub ünvanlanıb.
Narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq üçün zəng xidməti vasitəsilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...