23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Cari ildə sərnişindaşımada artım qeydə alınıb

15-07-2024
IMG

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-iyun aylarında 9,3 milyon ton yük, 3 milyon 849 min sərnişin daşınıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,4 faiz, sərnişin daşınmasında isə 19,2 faiz artım müşahidə olunub.

Fhnews.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, orta hesabla sutkada 373 vaqon yüklənib, 426 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə bu ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4 milyon 125 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz azalıb. Yüklərin 48,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6 milyon 852 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5 milyon 487 min tonunu və ya 80,1 faizini tranzit yüklər təşkil edib.

Bu il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 303,8 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 27,6 faiz artaraq 13,4 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 65,6 milyon ton yük, 848,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,9 faiz və 8,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 11,1 faiz, sərnişin dövriyyəsi isə 10,0 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,1 faiz artaraq 113,2 milyon nəfər olub. Hava nəqliyyatı ilə 1 milyon 784 min və ya 44,7 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 16,6 faiz artaraq 197,5 min ton olub.

Paylaş: