13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

BMT Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hesabat hazırlayıb

04-06-2024
IMG

İyunun 4-də beynəlxalq ictimaiyyət Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edir. BMT qeyd edir ki, uşaqların qorunması, müdafiəsi istiqamətində bir sıra qanunlar qəbul olunub: 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarının təmini üzrə Bəyannamə qəbul edilib.

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması təsadüfi deyildi. Daha bir beynəlxalq səviyyəli qərar da 1982-ci il 4 iyun tarixində qəbul edilib və Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü təsis olunub.

Fhnews.az BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın yaydığı müraciətdə dünyanın hər yerində müharibələr və silahlı münaqişələr şəraitində yaşayan uşaqların hər gün ağlasığmaz dəhşətlərlə üzləşdiyi qeyd olunub. Müraciətdə qeyd edilib: “Onlar evlərində yatmaq və ya bayırda oynamaq, məktəbdə təhsil almaq, yaxud xəstəxanalarda tibbi yardım axtarmaqda problemlərlə qarşılaşırlar. Ən dəhşətlisi, döyüşən tərəflərin hücumları nəticəsində həlak olur və yaralanırlar”.

BMT Baş katibinin “Uşaqlar və silahlı münaqişələrə dair” illik Hesabatında vurğulanır ki, təkcə 2022-ci ildə 8630-dan çox uşaq öldürülüb və ya şikəst edilib ki, bu da əvvəlki illə müqayisədə 5 faiz çoxdur. Partlayıcı sursatların, o cümlədən müharibənin partlayıcı qalıqları, əldəqayırma partlayıcı qurğular və minalardan istifadə uşaqların öldürülməsi və şikəst olmasının səbəblərinin 25 faizdən çoxunu təşkil edir.

BMT uşaqların məcburi əməyə cəlb edilməsindən də yazıb. Belə ki, ötən il 7622 azyaşlı istismar edilib ki, onların 85 faizi oğlanlardır. Cins, yaş, əlillik, etnik mənsubiyyət, din, geosiyasi yer və iqtisadi status kimi amillər ilk növbədə uşağın işə götürülmə riskini, onların necə istismar edildiyini müəyyən edir. Bundan başqa, hesabat dövründə 3985 uşaq qaçırılıb. Ən çox uşaq oğurluğu halları Konqo Demokratik Respublikası, Somali, Burkina Faso, Myanma və Mozambikdə baş verib. Eyni zamanda, 1166 uşaq cinsi zorakılığın qurbanı olub.

BMT qeyd edib ki, münaqişə zamanı cinsi zorakılıq halları stiqma və hüquqi müdafiənin olmaması səbəbindən həm qızlar, həm də oğlanlar arasında yayılıb. Seksual zorakılığın 99 faizi cinsi zorakılıq və məcburi nikahdan qeyri-mütənasib şəkildə təsirlənən qızlara qarşı törədilib. Oğlanlar da cinsi zorakılığın qurbanı olurlar və ya ailə üzvlərinə qarşı cinsi zorakılığın məcburi şahidi kimi ikinci dərəcəli travma alırlar.

Bundan başqa, ötən il 3931 humanitar yardımın rədd edilməsi hadisəsi baş verib. Ən çox təsirlənən ölkələr İsrail və Fələstin Dövləti, Yəmən, Əfqanıstan, Mali və Burkina Fasodur.

Paylaş: