BMT-nin Baş katibi: Təmiz enerji mənbələrindən istifadə iqlim dəyişikliyinin ən pis fəsadlarının qarşısını ala bilər
Təmiz enerji tükənməz resursdur və beynəlxalq ictimaiyyətə külli miqdarda vəsaitə qənaət etməyə, habelə ətraf mühiti iqlim fəlakətlərindən qorumağa imkan verəcək.
Fhnew.az xəbər verir ki, bu barədə BMT-nin rəhbəri Antonio Quterreş Beynəlxalq Təmiz Enerji Günü münasibətilə müraciətində bildirib. “Təmiz enerji tükənməyən bir sərvətdir. O, çirklənmiş havanı təmizləyə bilər... və milyardlarla insanı sərfəli elektrik enerjisi ilə təmin edəcək”, - deyə Baş katib bildirib.
BMT-nin məlumatına görə, bu gün dünyada 675 milyon insan elektrik enerjisindən məhrumdur, onların 80 faizi Afrika ölkələrində yaşayır. Mütəxəssislər qeyd edirlər ki, bərpaolunan enerji mənbələri - su, günəş, külək hər yerdə istifadə oluna və bununla da bütün dünya əhalisini enerji ilə təmin edə bilər.
Quterreş vurğulayıb ki, təmiz mənbələrdən istifadəyə təcili keçid iqlim dəyişikliyinin ən pis fəsadlarının qarşısını alacaq.
“Mən qəti şəkildə inanıram ki, qazıntı yanacaqlarından uzaqlaşma təkcə zəruri deyil, həm də qaçılmazdır. Eyni zamanda, hökumətlər keçid prosesini sürətləndirmək üçün tədbirlər görməli və bu məsələdə emissiyaların ən böyük həcminə malik olan ölkələr nümunə göstərməlidir”, - deyə BMT-nin rəhbəri bildirib.
A.Quterreş əlavə edib ki, iqlimin maliyyələşdirilməsində əhəmiyyətli artım lazımdır. Onun sözlərinə görə, 2025-ci ilə qədər ölkələr təmiz enerjiyə ədalətli keçidi əks etdirən yeni milli iqlim planları hazırlamalıdır.
Beynəlxalq Təmiz Enerji Günü ilk dəfə bu il qeyd olunur. BMT Baş Assambleyası 2023-cü ilin avqustunda müvafiq qərar qəbul edib və 77/327 saylı qətnamədə beynəlxalq ictimaiyyətin nümayəndələri dünya əhalisinin əlverişli və müasir enerji mənbələrinə çıxışının təmin edilməsi və istixana qazlarının tullantılarının azaldılması zərurətini xatırladıblar.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...