25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Bloomberg: Qərb uran mədənlərinin fəaliyyətini bərpa edir

04-03-2024

ABŞ və digər Qərb ölkələri nüvə yanacağının qiymətlərinin artması fonunda əvvəllər konservləşdirilmiş uran mədənlərində hasilat işlərini bərpa etməyə hazırlaşır.

Fhnews.az Bloomberg agentliyinə xəbər verir ki, Amerika kompaniyaları Vayominq, Texas, Arizona və Yuta ştatlarındakı uran mədənlərdə yenidən hasilat işlərinə başlamaq niyyətindədir. Bu ştatlardakı uran mədənlərinin əksəriyyəti 2011-ci ildə Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra bağlanıb.

Dünya ölkələri atmosferə atılan zərərli emissiyaların həcminin azaldılmasına nail olmaq üçün indi nüvə enerjisinə daha çox maraq göstərir ki, bu da öz növbəsində nüvə yanacağının bahalaşması ilə müşayiət edilir. Beləliklə, əvvəllər konservləşdirilmiş uran mədənlərinin işi yenidən gəlirli sahəyə çevrilir.

ABŞ-dan başqa, dünya uran istehsalının təxminən üçdə ikisini təşkil edən Kanada, Avstraliya və Qazaxıstan da hasilatı artırmağı planlaşdırır. Beynəlxalq Atom Enerjisi Agentliyinin proqnozlarına əsasən, urana tələbat 2040-cı ilədək 100 min tona qədər arta bilər ki, bu da həmin vaxtadək hasilatı iki dəfə artırmaq zərurəti yaradır.

Ekspertlərin sözlərinə görə, Birləşmiş Ştatlarda əvvəllər konservləşdirilmiş uran mədənlərinin açılması beş il əvvəl məhv olmaq təhlükəsi ilə üzləşmiş Amerika uran mədən sənayesinin canlanmasına səbəb olacaq.

Paylaş: