4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib YENİLƏNİB

03-05-2024
IMG

Mayın 3-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib.

Fhnews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Aİ-nin digər məsələlərdə olduğu kimi, mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxladığını və dəstəyini əsirgəmədiyini qeyd edib. Vurğulayıb ki, Aİ ANAMA-nın potensialının artırılmasına kömək göstərməyə, bu məsələdə maarifləndirmə işində Azərbaycana tam gücü ilə dəstəyi davam etdirməyə hazırdır.

Avropa İttifaqı ilə Azərbaycanın güclü və yaxın tərəfdaşı olduğunu vurğulayan Peter Mixalko bildirib: “Azərbaycan vətəndaşları münaqişə başlayandan indiyədək çox əziyyət çəkiblər. Ötən müddət ərzində Aİ Azərbaycanın yanında olub və həmişə də olacaq. Hazırda minatəmizləmə məsələsi Azərbaycan üçün əsas prioritetlərdən biridir və biz ölkəyə bu istiqamətdə kömək etməyə hazırıq".

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 30 ilə yaxın erməni işğalı nəticəsində Azərbaycan minalar və müharibənin partlayıcı qalıqları kimi nəhəng çağırışla üz-üzədir. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkələri sırasındadır. Ölkəmizdə 1,5 milyon mina və partlayıcı qalıqları var. Bu, Azərbaycanın ərazisinin 12 faizini əhatə edir. Bu, həm mülki vətəndaşlara ciddi risk yaradır, həm də sosial-iqtisadi inkişafa əngəl törədir.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, 2020-ci ildə müharibənin başa çatmasından bu il aprelin 27-dək 212 mina partlayışı hadisəsi baş verib, nəticədə uşaqlar və qadınlar daxil olmaqla, 356 şəxs bu partlayışların qurbanı olub. Bu hadisələr göstərir ki, ərazilərin minalardan təmizlənməsinə və qurbanlara kömək göstərilməsinə təcili zərurət var. Ümumilikdə ötən 30 il ərzində Azərbaycandakı mina qurbanlarının sayı 3435 nəfərdir.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların dəqiq xəritələrini verməkdən imtina etməsi minatəmizləmə işlərini çətinləşdirir və 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına mane olur.

“Azərbaycan beynəlxalq ictimaiyyətin minalardan təmizlənmə səylərində bəşəriyyətin həmrəyliyinin əlaməti olaraq adekvat siyasi və praktiki dəstəyinə güvənir. Belə ki, bu prosesin böyük və mənfi humanitar təsiri olmaqla yanaşı, minalarla çirklənmə sülh və barışıq prosesi ilə bağlı da çağırış yaradır. Ölkəmizin müəyyən dərəcədə inkişaf etmiş institusional bacarıqlarını və təlim proqramlarını nəzərə alsaq, birbaşa maliyyə ianələrini əməliyyatların əhatə dairəsini genişləndirmək üçün bu prosesdə ən mühüm yardım növü hesab etmək olar.

Digər prioritetlərə isə mina qurbanlarına dəstək, texniki sorğular, texniki-iqtisadi araşdırmalar, məlumatların idarə olunması, texnoloji irəliləyişlər, coğrafi ərazi üzrə metodologiyaların yerinə yetirilməsi, təmizləmə prosesinin daha da yaxşılaşdırmaq üçün bir neçə texnologiyadan eyni vaxtda istifadə edilməsi, qadınlardan ibarət minatəmizləmə komandalarına dəstək göstərilməsi, mexaniki minatəmizlənmənin genişləndirilməsi, minaaxtaran itlərin təlimi, demarkasiya, hasarlama, partlayıcı sursat riski ilə bağlı maarifləndirmə daxildir”, - deyə Prezidentinin köməkçisi vurğulayıb.

Minatəmizləmə fəaliyyətində maarifləndirmə prosesini genişləndirmək və əməkdaşlığı təşviq etmək ilə bağlı Azərbaycanın beynəlxalq təşəbbüslərinə toxunan H.Hacıyev bildirib ki, ölkəmizin dünya miqyasında səyləri mina məsələsinə dair xarici dəstək axtarışından daha irəliyə gedərək maarifləndirmənin genişləndirilməsini, beynəlxalq əməkdaşlığın və həmrəyliyin təşviqini əhatə edir. Azərbaycan bu istiqamətdə aşağıdakı təşəbbüsləri həyata keçirib:

- Azərbaycanda minatəmizləmə fəaliyyətinə dair illik beynəlxalq konfransların keçirilməsi. BMT-nin İnkişaf Proqramı ilə birgə təşkil olunan bu konfranslar ölkəmizi mina fəaliyyəti üzrə siyasi dialoq üçün mühüm məkana çevrilib. Növbəti konfrans bu il mayın 30-31-də Zəngilanda və Bakıda keçiriləcək. Konfransda minaların ətraf mühitə təsirlərindən bəhs olunacaq və bu mövzu Azərbaycanın COP29 sədrliyinə uyğundur. Biz Aİ-nin və onun üzv dövlətlərinin yüksək səviyyədə iştirakını səbirsizliklə gözləyirik.

- Qoşulmama Hərəkatının humanitar minatəmizləmə üzrə Təmas Qrupunun yaradılması təşəbbüsü. Prezident İlham Əliyevin tövsiyəsi əsasında Qoşulmama Hərəkatının ötən il qəbul etdiyi qərara əsasən bu təmas qrupunun əsası qoyulub və sentyabrda qrup fəaliyyətinə başlayıb.

- Minaların mədəni irsə mənfi təsirlərinin vurğulanması. Azərbaycan hərbi münaqişələr zamanı mədəni irsin qorunmasını qəti surətdə dəstəkləyir. Azərbaycan 2016-cı ildə UNESCO-nun mədəni mülkiyyətin qorunmasından bəhs edən “Hərbi bələdçi”ni maliyyələşdirmişdir. Ötən il UNESCO minaların mədəni irsə təsiri ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin davamı olaraq hazırda Ağdamda bu məsələyə həsr edilmiş xüsusi konfrans keçirilir.

- Azərbaycan BMT ilə birlikdə minatəmizləmə fəaliyyəti üzrə təlimlər üçün BMT-nin İnkişaf Proqramı-ANAMA mərkəzini yaratmaq üzrədir. Azərbaycan artıq oxşar problemlərlə üzləşən digər ölkələrə öz təcrübə və biliklərini paylaşaraq yardım edir. Bu mərkəzin yaradılması ANAMA-nın təlim dəstəyi göstərmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Aİ də daxil olmaqla beynəlxalq tərəfdaşlarımızdan bu qurumun yaradılmasına və fəaliyyətinə göstəriləcək hər hansı dəstək səmərəliliyi daha da artıracaq.

- Azərbaycan minatəmizləmə fəaliyyəti üzrə milli Dayanıqlı İnkişaf Məqsədi qəbul edib və BMT çərçivəsində onun qəbulu təşəbbüsünü irəli sürüb.

Aİ-nin “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” ilə bağlı danışan Hikmət Hacıyev vurğulayıb ki, minaların təmizlənməsi Azərbaycan-Aİ əməkdaşlığının ən mühüm istiqamətlərindən birinə çevrilə bilər. Bu kontekstdə biz yüksəksəviyyəli siyasi dialoqun praktiki davamı olaraq “Minaların təmizlənməsi sahəsində Azərbaycanın səylərini dəstəkləmək üçün Avropa Komandası Təşəbbüsü”nün elan edilməsini yüksək qiymətləndiririk. Bu mexanizm Aİ və onun üzv dövlətlərinin dəstəyini əlaqələndirmək, həmçinin səfərbər etmək üçün çərçivə kimi nəzərdə tutulub. Həqiqətən də belə bir təşəbbüsün vaxtı çoxdan çatıb.

“Biz bu təşəbbüsün təfərrüatları, xüsusilə də onun maliyyə parametrləri haqqında daha çox şey öyrənməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, maliyyələşdirmənin səviyyəsi üzləşdiyimiz problemin miqyasına uyğun olacaq. Bundan başqa, biz inanırıq ki, Avropa Komandası Təşəbbüsü çərçivəsində praktik layihələr üçün prioritetlərin müəyyənləşdirilməsi ev sahibi olan dövlətin prinsiplərinə əsaslanacaq. Bizə lazım olan real minatəmizləmədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Pul vermək istəmirsinizsə, pulu gəlib minatəmizləyən şirkətə verin, əgər kömək etmək istəyiniz varsa”.

Aİ-nin regionda sülh və inkişafı dəstəkləmək üçün nadir imkanı var. Ümid edirik ki, Avropa Komandası Təşəbbüsünün irəli sürülməsi Aİ-nin regiona dəstək siyasətində ədalətli yanaşmanın və keçmiş münaqişədən böyük zərər çəkmiş yeganə tərəf kimi Azərbaycanın obyektiv ehtiyaclarının təmin edilməsi istiqamətində ilk addım olacaq”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş direktoru Gert Jan Koopman Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməyi və hər şeyi görmək istədiyini deyib. O bildirib ki, Avropa Komissiyası Azərbaycanda mina əleyhinə aparılan işlərdə dəstəyini əsirgəmir. Avropa İttifaqına (Aİ) üzv ölkələr həmrəylik göstərəndə ortaya yaxşı iş qoya bilirik. Biz bu məsələdə daha çox iş görməyə hazırıq.

Avropa Komissiyasının rəsmisi diqqətə çatdırıb ki, Aİ və üzv dövlətlər 2020-ci ildən bəri Azərbaycana 10 milyon avro məbləğində qrant yardımı edib. Bu məbləğin 13 milyon avroya çatdırılacağı gözlənilir.

“Team Europe” proqramı çərçivəsində digər layihələrdən də söz açan Baş direktor Azərbaycanın marağı olacağı təqdirdə, həmin layihələrdə iştirak üçün dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Azərbaycanın dünyada minadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu xatırladan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi işləri prioritet məsələ olduğunu diqqətə çatdırıb.

ANAMA-nın rəhbəri deyib: “Ərazilərin minalarla çirklənməsi insan həyatına son qoymaqla bərabər, təbiətə də ciddi ziyan vurur”.

V.Süleymanov ANAMA-nın fəaliyyəti nəticəsində indiyədək 134 min hektar sahənin minalardan təmizləndiyini diqqətə çatdırıb. Bildirib ki, indiyədək 119 mindən çox partlayıcı maddə tapılıb və bunlardan 31 mini piyada əleyhinədir. O, Avropa İttifaqının təşəbbüsü ilə qadınlardan ibarət minatəmizləmə qrupunun yaradılmasının yaxşı təşəbbüslərdən biri olduğunu vurğulayıb.

Mina təhlükəsi ilə bağlı videoçarx nümayiş etdirildikdən sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Team Europe” Avropa Komandasının mina əleyhinə təşəbbüsü barədə məlumat verib.

Paylaş: