23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bakı Su Həftəsi işə başlayıb

12-03-2024

Martın 12-14-də Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil edilir.

Fhnews.az xəbər verir ki, bu sahənin Azərbaycanda bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə, 2024-cü ildə Bakı həm ölkəmiz, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, ölkəmizdə belə bir tədbirin təşkili təqdirəlayiq haldır. Qeyd edib ki, bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Onun sözlərinə görə, su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə yadda qalacaq. Z.Mikayılov əlavə edib ki, ölkəmizdə COP29 kimi önəmli tədbirin keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın ətraf mühitlə bağlı reallaşdırdığı mühüm tədbirləri dəyərləndirməsinin göstəricisidir.

“İteca Caspian” şirkətinin direktoru Edvard Stroun su texnologiyaları sərgisinin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə təşəkkür edib. Qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən dəstək tədbirin təşkilində böyük rol oynayır və onun yüksək səviyyədə keçməsinə zəmin yaradır.

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, İsveçrə, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.

Ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Sərginin qızıl sponsorları “Acwa Power”, “AgroFoodInvestment”, “Geo SU Group”, "Hidroloq" MMC, gümüş sponsorları “IDE Technologies”, “Körpü Bina Tikinti”, “Coca-Cola”, bürünc sponsorları “Kolin İnşaat”, “Özgün İnşaat”, “Qarabağ-ER” və “Aztəsərrüfat” MMC, konsaltinq tərəfdaşı isə “Mekorot” şirkətləridir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Paylaş: