Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib
Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Azərbaycanda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Fhnews.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyinin enerji əməkdaşlığını möhkəmləndirən töhfələrindən məmnunluq ifadə edilib. Hər iki ölkə liderlərinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığına böyük önəm verdiyi qeyd olunub. Neft-qaz sahəsində birgə həyata keçirilən enerji layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib.
Çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edən təbii qaz və yaşıl enerji sahələrindəki prioritetlər və gündəlikdə olan layihələr nəzərdən keçirilib. Bildirilib ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan Türkiyə üzərindən qazla təchiz olunacaq. Hazırda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyinin olduğu, müvafiq Hökumətlərarası Sazişlə Azərbaycandan və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar yarandığı vurğulanıb.
Görüşdə həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığın, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsi üzrə Yol Xəritəsinin cari vəziyyəti nəzərdən keçirilib. Naxçıvandan keçməklə Türkiyəyə və Avropaya elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fəaliyyət göstərən İşçi qrupu tərəfindən Texniki Tapşırıq layihəsinin tezliklə yekunlaşdırılmasının, müvafiq proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.
Söhbət zamanı bu il Azərbaycan-Türkiyə IV Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi bildirilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...