Azərkosmos və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başladı
Azərkosmos qlobal kommunikasiya şirkəti “Viasat”la əməkdaşlıq müqaviləsi imzalayıb.
Fhnews.az xəbər verir ki, “Azərkosmos”dan verilən məlumata görə, Dubayda keçirilən “CABSAT” telekommunikasiya tədbiri çərçivəsində imzalanan müqavilənin əsas məqsədi Avropa, Yaxın Şərq, Afrika, Mərkəzi və Cənubi Asiyada enerji, kommunal xidmətlər və nəqliyyat sahəsində peyk rabitəsi üzərindən təqdim olunan xidmətləri genişləndirməkdir.
Belə ki, peyk rabitəsi sahəsində lider olan “Viasat” şirkəti özünün yüksək etibarlı “L” diapazonlu peyk xidmətlərini Azərbaycanda təqdim etmək üçün Azərkosmosla sıx əməkdaşlıq edəcək. Nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Azərkosmos və “Viasat” ən ucqar yerlərdə belə daha sərfəli, dayanıqlı və təhlükəsiz rabitə xidmətləri təklif edəcək. Sözügedən rabitə xidmətləri vasitəsilə nəqliyyat sistemləri üçün izləmə və telemetriya, enerji şirkətləri üçün boru kəmərinin monitorinqi və nəzarəti, kommunal xidmətlər üçün real vaxt rejimində nəzarət, mədənçilik və kənd təsərrüfatı üçün ətraf mühitin təhlükəsizliyinin monitorinqi kimi layihələr həyata keçiriləcək.
Qeyd edək ki, əməkdaşlıq sayəsində “Viasat” öz peyk xidmətlərini Azərbaycanda ilk dəfə təqdim edəcək.
“Viasat”ın Korporativ və yerüstü mobil əlaqə bölməsinin prezidenti Endi Kesslerin sözlərinə görə, şirkətin qlobal peyk donanması peyk telefonundan istifadə edən bir tədqiqatçıdan tutmuş, mürəkkəb təchizat zəncirlərini idarə edən böyük sənaye obyektlərinə qədər bütün dünyada geniş çeşidli sektorlara xidmət verir: “Buna nail olmaq üçün müştərilərin gözləntilərini ön plana çəkərək müxtəlif ekosistem tərəfdaşları ilə işləməkdən qürur duyduğumuzu bildiririk. Azərkosmosla əməkdaşlıq xidmətlərimizi yeni müştəri və təşkilatlara çatdırmaq üçün irəliyə doğru atılmış strateji addımdır”.
Öz növbəsində Azərkosmosun sədr müavini Fuad Aslanov peyk xidmətləri bazarında çevik reaksiyaların vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərkosmos qlobal miqyasda istehlakçı və biznes tərəfdaşlarına etibarlı xidmət əhatəsini genişləndirməyi hədəfləyir. “Strateji tərəfdaşımız olan “Viasat”la bu əlamətdar əməkdaşlıq bizim üçün Avropa, Yaxın Şərq, Afrika və Asiyada daha geniş imkanların yaradılmasına dəstək olacaq”, – deyə o bildirib.
Yeri gəlmişkən, “Viasat” 24 fərqli ölkədə ofisləri ilə təmsil olunan qlobal telekommunikasiya şirkətidir. Missiyası dünya üzrə rabitə istehlakçılarını, biznes oyunçularını və hökumətləri kommunikasiya xidmətləri ilə təmin etməkdir. 2023-cü ilin may ayında “Viasat” yeni qlobal kommunikasiya tərəfdaşı yaratmaq məqsədilə texnologiya və resurslarını birləşdirərək qlobal peyk operatoru “Inmarsat” şirkətini satın alıb. Daha ətraflı məlumatı şirkətin veb-saytından əldə etmək olar.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...