Azərbaycanla Albaniya arasında insan hüquqları sahəsində anlaşma memorandumu imzalanıb
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Albaniyanın informasiya və məlumatların mühafizəsi üzrə müvəkkili Besnik Dervişinin dəvəti əsasında dünyanın müxtəlif ölkələrindən olan informasiya komissarlarının qatıldıqları XV Beynəlxalq Konfransında iştirak edib.
Fhnews.az xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, Səbinə Əliyeva “Fərdlərin informasiyaya çatım vasitəsilə səlahiyyətləndirilməsi: qarşılıqlı əməkdaşlıqda şəffaflığın və inklüzivliyin təmin edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın ilk sessiyasında təqdimatla çıxış edib. O, informasiya əldə etmək hüququnun müdafiəsi və təmini istiqamətində fəaliyyəti, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri, habelə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsi barədə məlumat verib.
Cari ildə ölkəmizin COP29-a ev sahibliyi edəcəyini iştirakçıların diqqətinə çatdıran ombudsman bu çərçivədə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarının iştirakı ilə informasiyaya çatımlılıq məsələlərinin də müzakirə olunacağı beynəlxalq simpoziumun keçiriləcəyini bildirib.
Səfər çərçivəsində ombudsman Albaniyanın ədliyyə naziri Ulsi Manja, parlament sədrinin müavini Ermonela Valikaj Felaj, informasiya və məlumatların mühafizəsi üzrə müvəkkil Besnik Dervişi ilə görüşlər keçirib.
Görüşlərdə S.Əliyeva Ombudsman Aparatının fəaliyyəti, informasiya əldə etmək hüququnun təmini sahəsində görülmüş işlər, Ombudsman haqqında Konstitusiya Qanununa edilən son dəyişikliklər nəticəsində mandatının genişlənməsi haqqında ətraflı məlumat verib. Ombudsman, həmçinin ölkədə insan hüquqları sahəsində həyata keçirilən islahatlardan bəhs edib. O, ölkəmizdə qadınların qərar qəbuletmə prosesində fəal iştirak etdiyini, eyni zamanda, müxtəlif yüksək vəzifələrdə çalışdıqlarını vurğulayıb.
Eyni zamanda, ombudsmanın milli preventiv mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə, o cümlədən təhsil, səhiyyə və penitensiar müəssisələrə həyata keçirilən başçəkmələr və verilmiş tövsiyələr haqqında danışılıb.
Ombudsman 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, mülki şəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb. Bundan başqa, Ombudsmanın müharibə və postmüharibə dövrlərində işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyi, aidiyyəti beynəlxalq təşkilatlara, milli insan hüquqları institutları və xarici ombudsmanlara müvafiq hesabat, müraciət və bəyanatlar göndərdiyi qeyd edilib, faktaraşdırıcı missiyalara dair hesabatların nüsxələri həmin dövlətin rəsmi şəxslərinə təqdim olunub.
Ombudsman, həmçinin iki ölkə arasında əməkdaşlıq çərçivəsində formalaşmış müsbət təcrübələrin insan hüquq və azadlıqlarının effektiv müdafiə və təmininə də töhfə verəcəyini bildirib.
Səfər çərçivəsində Səbinə Əliyeva və Albaniyanın informasiya və məlumatların mühafizəsi üzrə müvəkkili Besnik Dervişi arasında insan hüquqları, habelə informasiya əldə etmək hüququ sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...
Braziliyalı nazir: Karbon bazarlarının...
COP29-da İtki və Zərər Fondunun tam...
COP29-un yekun qərarlarından birində...
COP29 tədbirində Paris Sazişinin 6-cı...