22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanda mikroskopik analizlərin və eksperimental tədqiqatların tətbiqi əsasında arxeoloji laboratoriya qurulacaq

03-04-2024

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadə Azərbaycan Elm Fondunun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas qrant müsabiqəsi-2023”də qalib olmuş “Qarabağın Daş dövrünə aid alət sənayesinin texnotipologiyasının traseoloji və eksperimental analizləri” adlı layihəsi çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.

Fhnews.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, layihənin məqsədi eksperimental və traseoloji araşdırmaları birgə aparmaq üçün beynəlxalq təcrübədən faydalanaraq Qərb modeli arxeologiya ekolunda (məktəbində) mikroarxeoloji, yəni mikroskopik analizlərin, eləcə də praktik arxeoloji, yəni eksperimental tədqiqatların tətbiqi əsasında müasir arxeoloji laboratoriya qurmaqdır.

Bu məqsədlə layihənin rəhbəri Əjdər Babazadə Avropanın bir neçə ölkəsi ilə yanaşı, traseoloji və eksperimental arxeoloji tədqiqatların ilk olaraq ortaya çıxdığı Rusiya Elmlər Akademiyasının Sankt-Peterburqda yerləşən Maddi Mədəniyyət Tarixi İnstitutundakı Eksperimental-traseoloji laboratoriyada praktik və nəzəri təcrübə aparıb. Təcrübə proqramına sözügedən laboratoriyanın əməkdaşı N.Skakun rəhbərlik edib.

Təcrübə-təlim prosesi qədim əmək alətlərinin tipoloji, texnoloji və traseoloji xüsusiyyətinin və morfologiyasının tədqiqinə yönəlib. Paleoekonomiya və paleoekosistemi anlamaq üçün, əcdad homininlərin prehistorik alət çantasındakı texnotipoloji müxtəlifliyə və fərqliliyə əyani olaraq nəzər yetirilib.

Ezamiyyət, proqrama uyğun olaraq institutun zəngin Paleolit materialları ilə tanışlıqla başlanılıb. Daha sonra alət sənayesinin texnologiyasının öyrənilməsi üçün mikroskopik analizləri və eksperimental tətbiqləri həyata keçirmək məqsədilə araşdırmalar aparılıb.

Layihə tədqiqatlarının əsas hədəfi paleolit ekonomiyasının öyrənilməsinə yönəldiyindən təcrübə proqramında eksperimental tətbiqlərə və arxeoloji materialların traseoloji analizlərinə üstünlük verilib. Arxeoloji və eksperimental materiallar üzərində mikroanalizlər - traseoloji araşdırmalar üçün mikroskoplardan istifadə edilib. Bundan başqa, eksperimental tədqiqatların laboratoriya şəraitində tətbiqi metodu həyata keçirilib.

Ezamiyyət müddətində Əjdər Babazadə Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun rəhbəri professor Andrey Polyakovla da görüşüb. Görüş zamanı elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib. AMEA Arxeologiya və Antropologiya İnstitutunda son illərdə nəşr olunan kitablar professor Andrey Polyakova hədiyyə olunub.

Qeyd edək ki, dünyada ilk dəfə qurulan və arxeologiyada tamamilə fərqli istiqaməti - eksperimentalı və texnologiyanı birləşdirərək praktik və mikroarxeologiyanın əsası Sergey Semenov tərəfindən qoyulub. Belə ki, Paleolit və Neolit bölməsinin alimi olan S.Semenov Eksperimental-Traseoloji Laboratoriyanı, qədim artefaktların tədqiqinin eksperimental-traseoloji metodunu 1930-1950-ci illərdə Sankt-Peterburqda apardığı tədqiqatlarla yaradıb. O, arxeologiyada ilk dəfə praktik və mikroskopik kompleks tədqiqatları toplayaraq 1957-ci ildə “Prehistoriyanın texnologiyası” (Əmək izləri əsasında qədim alət və məmulatların öyrənilməsi təcrübəsi) monoqrafiyasını nəşr etdirib. Alim o dövrün arxeologiya elmində, xüsusən Qərb arxeologiyasında yeni bir istiqamət yaratmağa nail olub. Onun apardığı praktik və mikroarxeoloji araşdırmalarla uzaq və yaxın əcdadlarmızın paleoekonomiyası daha intensiv və ekstensiv anlaşılıb.

Paylaş: