Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər
Aprelin 25-27-də Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və sədr müavini Sənan Hacıyev Polşa Respublikasının paytaxtı Varşava şəhərində Avropa Hakimlər Assosiasiyasının İllik Toplantısında iştirak ediblər.
Fhnews.az xəbər verir ki, tədbirin ilk günündə Polşanın Senatında bu ölkənin Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə hakimlərin müstəqillik təminatlarına həsr olunmuş “1000 hakim mantiyası daha yaxşı Avropa uğrunda” adlı beynəlxalq konfrans işinə başlayıb. Konfransda Polşanın ədliyyə naziri Adam Bodner və müxtəlif ölkələrin nümayəndələri çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar.
Növbəti gün 44 ölkənin hakimlərinin iştirak etdiyi Avropa Hakimlər Assosiasiyasının İllik Toplantısında Avropa Hakimlər Assosiasiyasının sədri Mikael Sjoberg təşkilatın ötən il həyata keçirdiyi fəaliyyət barədə, habelə ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verib.
Xüsusilə, İtaliya, Sloveniya, Macarıstan və İspaniyada hakimlərin müstəqilliklərinin məhdudlaşdırılması ilə bağlı mövcud vəziyyətin narahatçılıq doğurduğu vurğulanaraq, təxirəsalınmaz tədbirlərin görülməsinə dair müvafiq qətnamələr qəbul edilib.
Tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumat təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan Hakimlər İttifaqı nümayəndə heyətinin üzvü Sənan Hacıyev tədbirdə çıxış edərək son dövrlər Azərbaycanda keçirilmiş məhkəmə-hüquq islahatları barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara edilən son dəyişikliklər konfrans iştirakçıları arasında xüsusi maraq doğurub.
Sonra Avropa Hakimlər Assosiasiyasında fəaliyyətdə olan iki işçi qrupa əlavə olaraq “Hakimlərin əmək haqları və pensiyaları” adlı yeni işçi qrupun təsis edilməsi qərara alınıb, digər işçi qrupların isə hesabatları dinlənilməklə təsdiq edilib.
Tədbir çərçivəsində iştirakçılar Polşa Senatının fəaliyyəti ilə yaxından tanış olublar.
Xatırladaq ki, Avropa Hakimlər Assosiasiyası 1953-cü ildə təsis edilib və əsas fəaliyyəti dünyada insan hüquq və azadlıqlarının təminatçısı olan məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş Beynəlxalq Hakimlər Assosiasiyasının regional qrupudur. Azərbaycan Hakimlər İttifaqı 15 ildən artıq müddətdir ki, bu qurumla əməkdaşlıq edir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...