23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

20-05-2024
IMG

İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa Regional Konfransının (ERC) 34-cü sessiyası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, tədbirdə 53 ölkədən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və aqrar sahədə çalışan mütəxəssislər iştirak ediblər.

Azərbaycanı beynəlxalq tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı, Azərbaycanın İtaliya, San Marino və Maltadakı səfiri Rəşad Aslanov təmsil edib.

Tədbirdə çıxış edən FAO-nun baş direktoru Qu Donqyu müasir çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması və ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması məsələlərinə toxunub. Qu Donqyu bildirib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. FAO rəsmisi belə tədbirlərin aqrar sahənin inkişafı istiqamətində prioritetlərin müəyyənləşdirilməsi işinə mühüm töhfə verdiyini qeyd edib.

Kənd təsərrüfat nazirinin müavini İlhamə Qədimova aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Qlobal iqlim dəyişikliyinin aqrar sahəyə təsirindən danışan İlhamə Qədimova, müasir çağırışlar fonunda torpaq və su ehtiyatlarından səmərəli istifadənin zəruri olduğunu diqqətə çatdırıb.

Nazir müavini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə icra olunan tədbirlərdən söz açıb.

Tədbirdə təbii ehtiyatların davamlı istifadəsində innovasiya və rəqəmsallaşmanın rolu xüsusi müzakirə olunub. Mütəxəssislər qlobal iqlim dəyişikliklərinin su mənbələrinə təsirinin idarə edilməsi üçün su ehtiyatlarının sektorlar üzrə bölüşdürülməsi və dəqiq uçotunun aparılmasının, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin aktual olduğunu vurğulayıblar.

Sessiyada əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi fonunda dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dünya Ərzaq Təhlükəsizliyi Komitəsinin (CFS) sədri Nosipho Jezile ilə görüş keçirilib. Görüşdə aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi, əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Paylaş: