22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

27-06-2024
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, rektorun müşaviri professor Azər Qasımzadə İtaliyanın Turin şəhərində keçirilən Davamlılıq, zəlzələ mühəndisliyi və struktur sağlamlığın monitorinqi üzrə 3-cü beynəlxalq konfransda (ICONREM 2024) iştirak edir.

Fhnews.az xəbər verir ki, AzMİU-dan verilən məlumata görə, konfrans dünyada son illər artan qasırğa, zəlzələ, sunami və digər təbii fəlakətlər fonunda dağıdıcı təsirin azaldılması və infrastruktur sistemlərinin kövrəklik problemlərinə həll yolları axtarır. Bu məqsədlə mövzu haqqında məlumatlılığı artırmaq və kritik infrastrukturların interfeysində və dayanıqlığın iqtisadi və sosial təsirində yeni paradiqmaları inkişaf etdirə biləcək strategiyalar təklif olunur.

Dünya alimlərini bir araya toplayan beynəlxalq tədbirdə AzMİU-nun alimi “Hündürmərtəbəli binalara tətbiqi ilə performansa əsaslanan seysmik dizayn üzrə yeni meyar” mövzusunda məruzə ilə çıxış edib. Peşəkar akademik tədqiqatçılar, alimlər, mühəndislər və sektor mütəxəssisləri ilə konfransın mövzusuna uyğun olaraq bilik və təcrübələrini bölüşüb, birgə fikir mübadiləsi aparıb.

Konfransın sessiyaları Turində müasir görüş imkanları olan Castello del Valentinoda və növbəti sessiyalar Maggiore gölündə yerləşən Brüssel və Lüksemburqda olub.

Sonuncu sessiya isə Avropa Komissiyasının İspradakı Birgə Araşdırma Mərkəzində keçiriləcək. İştirakçılar burada mövzu ilə bağlı elmi müzakirələri davam etdirərək problemlərə çıxış yolları axtaracaqlar.

Qeyd edək ki, professor Azər Qasımzadə səfər çərçivəsində, həmçinin Turin Politexnik Araşdırma Mərkəzinin nümayəndələri ilə görüşəcək. Görüşdə AzMİU ilə Turin Politexnik Araşdırma Mərkəzi arasında müqavilə imzalanacaq.

Müqavilə hər iki tərəf üçün qarşılıqlı maraq doğuran bütün sahələrdə akademik, elmi və mədəni əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

Paylaş: