Avtomobili park edərkən sürücülər xüsusi təyinatlı maşınların hərəkətinə maneə törətməməlidirlər
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə tez-tez yaşayış komplekslərinin həyətində nizamsiz parklama, xüsusi təyinatlı maşınların həyətə girişinə maneə yaratması, yanğın baş verərsə yanğınsöndürən maşınların su hovuzuna yaxınlaşa bilməməsi barədə müraciətlər daxil olur. Vətəndaşlar və MTK-ların rəhbərləri müraciətdə qeyd edirlər ki, mütəmadi xəbərdarlıqlara, sakinlərlə minik maşınlarının həyətdə nizamsız parklanmanın yolverilməz olduğu barədə söhbətlərə baxmayaraq bəzi vətəndaşlar öz rahatlıqlarına görə qaydalara əməl etmir, maşınları harda gəldi saxlamaqla həm vətəndaşların hərəkətinə, həm də xüsusi təyinatlı maşınların manevr imkanlarına maneə yaradır.
Xidmətə sonuncu belə müraciət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794-cü məhəllə ünvanında yerləşən “Aybir” MTK-nın rəhbərliyi tərəfindən daxil olub. Məsələ ilə bağlı Xidmətin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə sözügedən ünvanda təlim keçirildi. Təlimdə məqsəd “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi idi.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış kompleksinə və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədi.
Yaşayış binalarında rast gəlinən bu cür vəziyyətlə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mütəmadi olaraq sakinlərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici tədbirlər reallaşdırırlar. Tədbirlərdə sakinlərin nəzərinə çatdırılır ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözlənməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Əlbəttə, son illər respublikamızın iri şəhərlərində, xüsusən də paytaxt Bakıda avtomobillərin sayının kəskin artması parkinq problemi yaradıb. Şəhərin müxtəlif yerlərində xeyli sayda mövcud yerüstü və yeraltı dayanacaqlar istifadəyə verilsə də, həmçinin hündürmərtəbəli binaların zirzəmi hissəsində bina sahibləri üçün dayanacaqlar tikilsə də problem həll olunmamış qalır.
Sakinlər öz avtomobillərini binanın qarşısındakı həyətyanı sahədə saxlayırlar ki, bu da həmin ərazinin tamamilə tutulması ilə nəticələnir. Uşaq meydançaları və qazonlar artıq dayanacağa dönüb, oturacaqlar və zibil konteynerlərinin qarşısı maşınla dolu olur. Bir çox hallarda isə ərazidə yerləşən kafe və restoranlara, gözəllik salonları və klinikalara, universitetlər və təhsil kurslarına gələnlər də “cərimə” olunmamaları üçün maşınlarını yaxınlıqdakı binaların qarşısında saxlayırlar. Bu isə haqlı olaraq bina sakinlərinin narazılığına səbəb olur.
Hər bir avtomobil sahibi park edərkən tək öz rahatlığını düşünməməli, insanların normal həyatına mane olmamalıdır. Bunun üçün onlar aşağıdakı qeyd olunan qaydalara əməl etməlidirlər:
-maşını çəmənliklərdə və səkilərdə, zibil qutularının yaxınlığında saxlamaq olmaz (məsafə ən azı 5 metr olmalıdır);
-sərbəst keçidin qarşısını kəsməyin ki, təcili tibbi yardım, yanğınsöndürən, qaz və su xidməti maşınlarının hərəkətinə mane olmayasınız;
-mənzillərin, ticarət mağazalarının giriş qapılarının önünü bağlamayın (10 metrə məsafə saxlayın);
-binanın qarşısında, həyətdə siqnal verməyin;
-maşınlar arasında 60-70 sm enində olan uşaq arabasının maneəsiz keçməsi üçün yer saxlayın;
-idman meydançalarını avtomobillər tərəfindən zəbt etməyin;
-binanın həyətində avtomobili saxladıqdan sonra mühərriki uzun müddət işlək vəziyyətdə qoymaq olmaz;
-avtomobili böyük həcmli xüsusi texnikanın normal keçidinə mane olmamaq üçün yolun içərisində əyri şəkildə park etməyin.
Unutmayın ki, yanğın sizin evinizdə də ola bilər və əgər binanın həyətinə grişi bağladığınıza görə yanğınsöndürən maşın hadisə yerinə yaxınlaşa bilmirsə, onda Siz öz evinizin yanmasına, əmlakınızın məhvinə səbəb olacaqsınız.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin
Yanğına qarşı təbliğat şöbəsi
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...