Arxiv sənədləri əsasında ərsəyə gələn tədqiqatlar Almaniya kitabxanasının rəflərində
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Zemfira Hacıyevanın rəhbərliyi ilə hazırlanan kitablar Almaniya kitabxanasının rəflərində yer alıb. Arxiv sənədləri əsasında aparılan tədqiqatların Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin kitabxanasının kataloquna daxil edilməsi sayəsində Azərbaycanın müxtəlif dövrlərə və istiqamətlərə aid tarixi həqiqətləri barədə dünya elmi ictimaiyyəti məlumatlanacaq.
Fhnews.az xəbər verir ki, bu barədə Akademiyadan məlumat verilib.
Bildirilib ki, kitabxanaya daxil edilən çap məhsullarından biri rus dilində “Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi (1920-1945-ci illər)” (“История создания Академии Наук Азербайджана (1920-1945 гг.”) adlı monoqrafiyadır. Yeddi il davam edən tədqiqatlar Elmi irs şöbəsində qorunan unikal arxiv materialları və müxtəlif fondlardan gətirilmiş sənədlər əsasında akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi və t.e.d., dos., Zemfira Hacıyevanın müəllifliyi ilə ərsəyə gəlib. Kitaba ilk dəfə olaraq Moskva və Vatikan arxivlərində AMEA-nın yaranma tarixinə dair mühafizə edilən fotoşəkillər, eləcə də 34 alimin fotoşəkli, əsli olan sənədlər, sektor, bölmə və institutların yaranma tarixini əks etdirən 23 cədvəl daxil edilib.
AMEA-nın 75 illiyinə həsr olunan və ölkə elminin inkişaf tarixindən bəhs edən, şöbənin 1 №-li fondunda mühafizə edilən nadir və unikal materiallar əsasında hazırlanan növbəti kitab “Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət (Tətəbbö)” haqqındadır. Xarici oxucuların sərəncamına verilən kitab Azərbaycan və rus dillərindədir.
Kitabxanada yer alan “AMEA-nın yaranma tarixi (1945)” adlı ana dilində, eləcə də rus və ingilis dillərində hazırlanan kataloq Azərbaycan elminin inkişaf tarixinin qədimliyindən bəhs edir. Kataloqda Manna, Midiya və Qafqaz Albaniyasında yaranan ilk yazı vərdişlərindən tutmuş tarixin müxtəlif dönəmlərində Azərbaycanın özünəməxsus elm mərkəzinin, Elmlər Akademiyasının çətin və sıxışdırılmış proseslərdən keçərək formalaşma dövrünə qədər olan mərhələlərindən danışılır.
Elektron kataloqda yerləşdirilən nəşrlərdən biri də “AMEA Prezidentləri: Şanlı yolun mərhələləri” kitabıdır. Burada ölkənin əsas elm mərkəzi sayılan Akademiyanın rəhbərliyində çalışan prezidentlərin həyat və yaradıcılığına dair unikal faktlar mövcuddur. Milli Elmlər Akademiyasının yarandığı andan ona rəhbərlik etmiş bütün prezidentlər xalqın maraqlarını qorumağı üstün tutmuş, Azərbaycan elminə dünya şöhrəti qazandıraraq elmi-innovasiya potensialının gələcək inkişafına öz töhfələrini vermişlər.
Azərbaycan, rus, ingilis dillərində çap olunan “İrəvan xanlığının tarixi” adlı əsərdə orta əsr şəhəri İrəvanın tarixi haqqında ilkin araşdırmalardan, qədim şəhərlə bağlı müxtəlif tədqiqatçıların əsərlərində rast gəlinən maraqlı faktlardan danışılır.
Bundan əlavə, 1920-1960-cı illərdə ölkəmizdə muzeylərin inkişafı və formalaşmasına dair araşdırmaların yer aldığı “Azərbaycan Dövlət Muzeyi: Azərbaycanda elmin inkişaf tarixindən” və Azərbaycan xanlıqları adı ilə milli salnaməmizə, qan yaddaşımıza yazılan “İrəvan xanlığının tarixşünaslığı”, o cümlədən Qarabağ xanlığının həm milli, həm də beynəlxalq tədqiqatların ilk dəfə kompleks şəkildə təhlil edildiyi “Qarabağ xanlığının tarixşünaslığı” adlı monoqrafiyalar artıq Martin Lüter adına Halle-Vittenberq Universitetinin kitabxanasının nəşrləri sırasındadır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” adlı üç dildə təqdim edilən monoqrafiya da Almaniyanın kitab rəflərini zənginləşdirir. Qarabağ xanlığının sosial-iqtisadi tarixi, dövlət quruluşu, şəhər təsərrüfatının inkişafı, aqrar münasibətlər və elmi ictimaiyyətə az məlum olan bir sıra digər məsələlər əsərin tədqiqat obyektidir.
Corc Burnutyanın müəllifi olduğu rus-sovet və erməni tarixçiləri arasında fərqli və oxşar cəhətlərin araşdırıldığı “İrəvan xanlığı Qacarların hökmranlığı dövründə. 1795-1828-ci illər” adlı əsəri “Təkrarlanan tarix və təkrarlanan şərhlər” kitabında təhlil edilir.
Avropa oxucularına təqdim olunan növbəti kitablar arxiv materialları əsasında ərsəyə gələn “Azərbaycan alimləri İkinci Dünya Müharibəsi illərində: 1941-1945” və ölkədə elmin inkişafı tarixinə aid tədqiqatları əhatə edən “Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (1929-1932)”dur.
Qafqaz canişini Aleksey Yermolovun sifarişi ilə 1823-cü ildə hazırlanan “Qarabağ əyalətinin təsviri” (“Описание Карабахской провинции”) adlı rusdilli çap məhsulunda Qarabağ əhalisinin etnik tərkibi, müxtəlif kəndlər və Qarabağda xan nəslinə mənsub olan köçəri tayfalardan xəzinəyə daxil olan gəlirlərlə bağlı cədvəl məlumatları öz əksini tapıb.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin sabiq əməkdaşı mərhum Tamilla İbrahimovaya məxsus “Kaşılar - Azərbaycanın tarixi və mədəni irsini öyrənmək üçün qiymətli mənbə” adlı kataloq və “Azərbaycan xalqının mənəvi həyatı və onun maddi mədəniyyətin yaradılmasındakı rolu” adlı monoqrafiya da kitabxanaya yerləşdirilən əsərlər sırasındadır.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...