22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ərdoğan zəlzələlərə maksimum dərəcədə hazır olmağa çağırıb

20-03-2024

Türkiyədə fevral ayında zəlzələlərin baş verdiyi zonada 2024-cü ilin sonunadək 200 min yaşayış obyekti istifadəyə veriləcək.

Fhnews.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan fəlakət zonası sakinləri ehtiyacları üçün tikilmiş binalarda mənzillərin paylanması mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, təkcə son ay yarım ərzində evlərini itirmiş vətəndaşlar 76 min binada yerləşdiriliblər. “Daha 30 min 723 Türkiyə vətəndaşı öz mənzillərinə köçür. Məqsədimiz fəlakət zonasında ümumilikdə 390 min yaşayış obyekti, 11 500 təsərrüfat binası, həmçinin 40 min 500 ticarət obyekti tikməkdən ibarətdir", - deyə Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, təkcə bu ilin əvvəlindən dövlət fəlakət zonasının ehtiyaclarına 1 trilyon lirə xərcləyib: “Regionun bərpasında qeyri-hökumət təşkilatları da fəal iştirak edirlər. 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün bütün zəruri addımları atırıq”.

Dövlət başçısı əhalini evlərin seysmik müqavimət amilinə xüsusi diqqət yetirməyə çağırıb. “Ötən ilin fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıdılmış evlərin 90 faizindən çoxu 1990-cı ilə qədər inşa edilib. Təəssüf ki, zəlzələlər bütün tədbirləri görməyimizə və təkanlara hazır olmağımıza qədər gözləmir. Ona görə də, xüsusilə İstanbuldakı vəziyyətlə bağlı tələsmək vacibdir”, - deyə Prezident bildirib.

Ərdoğan xəbərdarlıq edib ki, Türkiyənin bu meqapolisindəki zəlzələnin fəsadları daha böyük ola bilər. “İstanbuldakı təkanların nəticələrini aradan qaldırmaq daha çətin olacaq. Zəlzələnin təhlükəsini ciddiyə almayan hər kəs türk xalqının düşmənidir", - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı zəlzələ mövzusunu istənilən siyasi müzakirələrdən qat-qat üstün məsələ adlandırıb.

Paylaş: