22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AQTİ halal sertifikatlaşdırma prosesinə başlayıb

24-05-2024
IMG

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında Prezidentin 2019-cu il 29 aprel tarixli Sərəncamının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTI) halal sertifikatlaşdırma ilə bağlı yaradılan komitələrin üzvləri ilə görüş keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə çıxış edən AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.

Həmçinin qeyd edilib ki, institutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib.

Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq “Səhliyalı” kiçik müəssisəsində “OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər” standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.

Görüşdə müvafiq komitələrin işinə, həmçinin sertifikatlaşdırma prosesi çərçivəsində həyata keçirilən işlərə, hədəflərə və digər məsələlərə dair müzakirələr aparılıb.

Paylaş: