AQTA: Monitorinqlər zamanı 75 müəssisədə nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, mayın 24-də 18 ticarət və 59 ictimai iaşə müəssisəsində monitorinq aparıb. Monitorinqlər zamanı 18 ticarət və 57 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Aşkarlanmış nöqsanlar qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın yoxluğu, məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiqləyən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminin gözlənilməməsi, süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin qoyulmaması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcudluğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş vəziyyəti, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin edilməməsi və sair səbəblərlə əlaqədardır.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Nəzarət tədbirləri COP29-un Azərbaycanda təşkili ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...