22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AQTA bəzi məhsul qrupları istisna olmaqla Belarusun qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb

16-05-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Belarus Respublikasının qida obyektləri (quş, quş əti və onun sub məhsulları, eləcə də yumurta emalı və istehsalı müəssisələri istisna olmaqla) üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.

Belarusun müvafiq qida obyektləri üzrə təsdiq sistemi Agentliyin struktur bölmələri tərəfindən araşdırılıb və həmin ölkədə bu sahədə qüvvədə olan texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyənləşdirilib.

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bundan sonra Belarusun müvafiq qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyinin 2024-cü il iyunun 1-də tanınması məqsədəuyğun hesab olunub.

Bundan əvvəl AQTA Rusiya Federasiyası ilə Böyük Britaniyanın qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb. Həmçinin bəzi məhsul qrupları istisna olmaqla Türkiyənin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb.

Qeyd edək ki, Agentlik “Qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda müəyyən edilən məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektlərinin respublikamızda qüvvədə olan texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğunun təsbit edilməsi, ticarət tərəfdaşı olan ölkələrlə əməkdaşlığın artırılması və təkrarlanan prosedurların aradan qaldırılması məqsədilə xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyini tanıyır. Prosesdə əsas meyarlar qismində qida və yem məhsulları ilə bağlı ticarət dövriyyəsi zamanı müəyyənləşdirilmiş qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə uyğunsuzluqların statistikası, xarici ölkənin qida təhlükəsizliyi sisteminin, o cümlədən yoxlama və nəzarət sistemlərinin ölkədə tətbiq edilən sistemlə uyğunluğu və xarici ölkənin qida təhlükəsizliyi sisteminin BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına uyğunluğu nəzərə alınır.

Paylaş: