22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AQTA: Bəzi “ekspert”lər və “mütəxəssis”lər həqiqətə uyğun olmayan populist bəyanatlar yayır

22-04-2024

“Bəzi “ekspert”lər və “mütəxəssis”lər sosial şəbəkələrdə, sayt və bir sıra televiziya kanallarında qida təhlükəsizliyi kimi ciddi mövzuya məsuliyyətsiz yanaşmaqla, həqiqətə uyğun olmayan populist bəyanatlar yayır”.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilib ki, Azərbaycanda keyfiyyətli və təhlükəsiz qida məhsullarına tələbatın daha səmərəli və davamlı təmin edilməsi, eləcə də idxal-ixrac əməliyyatları zamanı nəzarət sisteminin qurulması sahəsində ciddi uğurlar əldə olunur: “O cümlədən istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi sahəsində strateji idarəetmənin tətbiqi ilə bir sıra tədbirlər həyata keçirilir. Agentlik ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirməklə, istehlakçıları narahat edən sahələrdə izləmə sistemi qurmaqla ciddi iş aparır, qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, habelə qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların dəqiq və ən yeni informasiya ilə təmin edilməsi məqsədilə tədbirlər görür. Azərbaycanın qida təhlükəsizliyi sistemi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, (ÜHST, FAO, ÜST, Codex-Alimentarius Komissiyası) həmçinin beynəlxalq qida mühəndisi və ekspertləri tərəfindən yüksək qiymətləndirilir”.

Bəyanatda qeyd edilir ki, son vaxtlar əhalinin bu sahəyə həssaslığından sui-istifadə edən bəzi “ekspert”lər və “mütəxəssis”lər sosial şəbəkələrdə, sayt və bir sıra televiziya kanallarında qida təhlükəsizliyi kimi ciddi mövzuya məsuliyyətsiz yanaşmaqla, həqiqətə uyğun olmayan populist bəyanatlar yayır, vətəndaşların diqqət və maraq dairəsinə daxil olmaq üçün uğursuz cəhdlər göstərirlər: “Bəyan edirik ki, əhalinin təhlükəsiz qida ilə təmin olunması, gələcək nəsillərin sağlamlığı kimi vacib məsələləri özündə ehtiva etdirən mövzularla ali təhsili, elmi təcrübəsi, eləcə də xüsusi bilik və bacarıqları olan şəxslər məşğul olmalı, yaxud ekspert qismində çıxış etməlidirlər. Xüsusən də, mövzunun həssaslığını nəzərə alaraq, bu cür məsələlərdə media vasitələri diqqətli olmalı, təsadüfi şəxslərə meydan verməməlidirlər. Çünki yayılan hər hansı əsassız bir fikir və yanlış rəy görülən işlərə kölgə salmaqla yanaşı, əhali arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxara bilər”.

Agentlik daha sonra bildirir ki, aparılan araşdırma və təhlilləri nəzərə alaraq, həmin “ekspertlər”in əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Paylaş: