19 dekabr 2024, cümə axşamı Bakı, 5°C
IMG-LOGO

Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyası ilə görüş keçirilib

12-06-2024
IMG

Azərbaycanda nar bağlarının üzləşdiyi risklər və əkin sahələrinin aqrar sığorta vasitəsilə qorunması Aqrar Sığorta Fondunda (ASF) Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasının (ANİİA) üzvləri ilə keçirilən görüşdə müzakirə edilib.

Fhnews.az xəbər verir ki, ASF-dən verilən məlumata görə, görüşdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov ölkəmizdə 2019-cu ildən fəaliyyətə başlayan və dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə məlumat verib. Qeyd edib ki, aqrar sığorta vasitəsilə 41 növ bitkini sığorta etmək mümkündür, bura meyvə bağları, o cümlədən nar bitkisi də aiddir.

Görüşdə bildirilib ki, ölkədə rəsmi qeydiyyatdan keçmiş 8 min hektaradək nar bağı var, amma qeydiyyatda olmayan, o cümlədən həyatyanı sahələrdə yaradılan bağları nəzərə aldıqda bu rəqəm bir neçə dəfə artıqdır. Nar bağlarının böyük hissəsi – təxminən 80 faizi Mərkəzi Aran regionunun payına düşür.

Fond rəhbəri vurğulayıb ki, görüşdə məqsəd ölkəmizdə nar bitkisinin sığortasını genişləndirmək, bu sahədə fəaliyyət göstərən fermer və sahibkarların gəlirlərini qorumaqdır.

Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib ki, təşkilat öz sıralarında respublikanın müxtəlif bölgələrində 500-dən artıq fermer və sahibkarı birləşdirir. Onun sözlərinə görə, hər il ölkədə 187 min ton civarında nar yığılır, bunun 29 min tonu və ya 15 faizi ixrac edilir. Hazırda nar ölkəyə valyuta gətirən ixrac məhsullarından birinə çevrilib.

Görüşdə aqrar sığorta mexanizmi vasitəsilə nar əkinlərinin sığortalanması imkanları təqdim edilib. Bildirilib ki, sığorta haqqının ödənilməsində tətbiq edilən 50 faizlik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə nar əkinlərini sığorta edə bilərlər. Belə ki, nar bağlarının böyük hissəsinin yerləşdiyi Mərkəzi Aran regionunda 1000 manatlıq nar məhsulunun baza zərfi ilə sığortalanması fermerə cəmi 8,2 manata başa gəlir.

Fermerlər əlavə ödənişlə nar bağını dolu nəticəsində baş verən keyfiyyət itkisi və şaxtavurma kimi risklərdən də sığorta edə bilərlər. Qeyd edək ki, doluvurmadan keyfiyyət itkisi dedikdə, məhsulun görünüşünün korlanması və satış qiymətinin aşağı düşməsi nəzərdə tutulur. Belə halda fermerə dəyən zərər aqrar sığorta ilə kompensasiya olunur.

Bundan başqa, nar bağlarının sahibləri yeni salınmış bağdakı tingləri və ayrıca olaraq ağacları da sığortalaya bilərlər. Ağac məhv olarsa, onun 3 illik meyvəsinin dəyəri qədər sığorta ödənişi edilir.

Bildirilib ki, aqrar sığorta şərtlərinin sərfəli olmasına görə, ölkədə sığortalanan nar bağlarının sahəsi artmaqdadır. 2023-cü ildə 455 hektar nar bağı sığorta edildiyi halda, 2024-cü ildə bu rəqəm 2 dəfədən çox artaraq 1000 hektara yaxınlaşıb.

Aqrar sığorta şərtləri və görüşdə səslənən məlumatlar sahibkarların böyük marağına səbəb olub. Onlar nar bağlarının sığortalanmasına dair çoxsaylı suallar verib, nar bağlarının üzləşdiyi risklər və aqrar sığorta ilə bağlı təkliflərini bölüşüblər.

Görüşdə nar əkinlərinin sığortasının genişləndirilməsi, sığorta şərtlərinin daha da təkmilləşdirilməsi məqsədilə Aqrar Sığorta Fondu ilə Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.

Paylaş: