Aqrar Sığorta Fondu və Milli Hidrometeorologiya Xidmətinin rəhbər heyətlərinin görüşü keçirilib
Aqrar Sığorta Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbərlikləri arasında görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycanda iqlim dəyişiklikləri, təbiət hadisələrinin artması, onun təsərrüfatlara vurduğu zərər və hadisələrin tənzimlənməsi məsələləri müzakirə olunub.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov son illər qlobal iqlim dəyişikliklərinin nəticələrinin Azərbaycanda da getdikcə daha çox hiss edildiyi, təbiət hadisələrinin, o cümlədən hidrometeoroloji hadisələrin sayının artdığını bildirib.
Xidmət rəisinin sözlərinə görə, 2022-ci ilin may ayında 17 dolu hadisəsi qeydə alındığı halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 39-a, 2024-cü ilin may ayında isə 147-yə yüksəlib. Eləcə də 2021-ci ildə ölkə ərazisində 50 sel-subasma hadisəsi qeydə alındığı halda, 2023-cü ildə 147 belə hadisə baş verib.
Xidmət rəhbəri bildirib ki, meteoroloji müşahidələrin daha da təkmiləşdirilməsi məqsədilə ölkədə müvafiq stansiyaların sayı və keyfiyyəti artırılır, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də yeni stansiyalar quraşdırılır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və sığortanın qarşıladığı risklər barədə məlumat verib. Onun sözlərinə görə, aqrar sığorta 41 növ bitki üzrə əkinləri sığortalayır. Hazırda ölkədəki əkin sahələrinin təqribən 25 faizi sığortalanır və bu həcm hər il artmaqdadır. Fond rəhbəri qeyd edib ki, təsərrüfatlara verilən sığorta təminatlarının bir hissəsi iqlim hadisələri ilə bağlıdır.
Tədbirdə bildirilib ki, təbiət hadisələri nəticəsində təsərrüfatlara dəyən zərər aqrar sığota tərəfindən araşdırılarkən həmin hadisələrin təsdiqi üçün Milli Hidrometeorologiya Xidmətinə çoxsaylı sorğular ünvanlanır. Hadisələrin təsdiqi və miqyasları Xidmətin məlumatlarına əsasən müəyyən edilir. Aqrar sığorta hadisələrinin daha tez tənzimlənməsi üçün bu sorğuların sürətli cavablandırılması həyata keçirilir.
F.Sadıqov qeyd edib ki, aqrar sığortanın əhatə dairəsi genişləndikcə, qeydə alınan sığorta hadisələrinin və sorğuların sayı da artmaqdadır və bu proses gələcəkdə də davam edəcək. Görüşdə bu qəbildən olan müraciətlərin bir hissəsinin avtomatik cavablandırılması, bu prosesin elektronlaşdırılması, bu sahədə birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər müzakirə edilib.
Müzakirə edilən məsələlərdən bir də təhlükəli hidrometeoroloji hadisələrin meyarları olub. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidməti bitkilərin fenoloji inkişafı ilə bağlı da müşahidələr aparır, eyni zamanda, təsərrüfatlar üçün aqro metereoloji xidmətlər təklif edir.
Görüşdə əməkdaşlığın daha da artırılması, gələcəkdə birgə layihələrin həyat keçirilməsi müzakirə olunub.
Sonra Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yerləşən Situasiyalar Mərkəzi ilə tanışlıq olub. Bu mərkəzdə Azərbaycandakı iqlim-meteoroloji prosesləri, təbiət hadisələrini onlayn şəkildə müşahidə etmək, bu sahədə aid göstəriciləri izləmək mümkündür.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...