Antropoloqlar irqçi alimlərə qarşı: ABŞ-da maraqlı konfrans keçirilib
Məlumdur ki, alimlər neandertalların mədəni incəlikləri və bacarıqları haqqında daha çox biliklər öyrəndikcə, onların ictimai imici də artıb. 2007-ci ildə bəzi neandertalların qırmızı saçlı və açıq dəriyə sahib olduqlarını göstərən genləri daşıdıqları barədə geniş yayılmış kəşf əsl sensasiya oldu. Avropa və Asiyanın bu qədim sakinləri “ağ irqin nümayəndələri” kimi kodlaşdırıldı və sosial mediada bəzi insanlar neandertal əcdadlarının irqi üstünlük əlaməti olduğunu iddia etməyə başladılar.
Fhnews.az “Science” elmi portalına istinadla xəbər verir ki, antropoloqlar ABŞ-da irqçi alimlərin nəzəriyyəsini təkzib edən konfrans keçiriblər. Elmdən bu cür sui-istifadə tədqiqatçıları “irq elmi” ilə mübarizəyə həsr olunmuş AABA konfransı keçirməyə, genlərin və digər bioloji variasiyaların insanları irqlərə ayırmaq üçün istifadə oluna biləcəyi fikrini təkzib etməyə vadar edib.
Konfransın məruzəçiləri irqçi alimlərin iddialarını “çürük məhsul” adlandırıb və real faktlarla çıxış ediblər. Bu tədbirin təşkilinə kömək edən İllinoys Urbana-Şampan Universitetinin bioloqu Çarlz Rouzman bildirib ki, neandertalların Avropa qürurunun əlaməti olması ilə bağlı iddia mənasız cəfəngiyatdır. Son tədqiqatlar göstərir ki, neandertal əcdadlar Afrika da daxil olmaqla, qlobal əhali arasında geniş şəkildə yayılıblar. Üstəlik, bəzi son araşdırmalara görə, neandertal genlərinin ən böyük müxtəlifliyi Avropada deyil, məhz Cənubi Asiyadadır.
Arizona Dövlət Universitetinin bioloji antropoloqu Robin Nelson bildirib ki, tədqiqatçılar istər sosial mediada, istərsə də elmi məqalələrdə irqçi şərhləri açıq şəkildə qınamalıdır. O əlavə edib ki, müasir texnoloji tərəqqi dövründə antropoloji məlumatlardan irqçilik istiqamətində istifadə edilməsi korafəhmlikdir.
London Gigiyena və Tropik Tibb Məktəbinin antropoloqu Rebeka Ser problemli elmi məqalələrdən bəhs edib. O, elmi jurnalları keçən il vəfat edən Ulster Universitetinin psixoloqu və özünü “elmi irqçi” adlandıran Riçard Linnin geniş yayılmış məlumatlarına əsaslanan məqalələri geri götürməyə çağırıb və öz tədqiqatlarını təqdim edib. Linn 2002-ci ildə 81 ölkədə aparılan IQ testlərinə əsaslanan “milli IQ məlumat toplusu” nəşr etdirib, sonra bu balları əlavə 104 ölkə üçün ekstrapolyasiya edib. Digər çatışmazlıqlar Linnin metodlarında yer almayan seçmə və idrak testlərindən ibarətdir. Ser qeyd edir ki, populyasiyalar arasında etibarlı müqayisələrə əsaslanan tədqiqatlar daha dəqiqdir. O, irqçi məzmunlu məlumat dəstindən istifadə edən 14 məqalə ilə bağlı 12 elmi jurnalın redaktorları və ya naşirləri ilə əlaqə saxlayıb. Əksər redaktorlar hər hansı tədbir görməkdən imtina ediblər, digərləri əlyazmaya ehtiyat qeydi əlavə etməklə onu götürməyiblər.
Konfransda vurğulanıb ki, tədqiqatçıların tez-tez müasir populyasiyaları ayrı-ayrı təkamül qollarında son nöqtələr kimi göstərən proqram təminatından istifadə etməsi yanlışdır. Çünki həmin araşdırmalar insan populyasiyaları arasında nə qədər qarışıqlıq olduğunu və bunun hələ də davam etdiyini görməməzlikdən gəlir. İrqçiliyə əsaslanan elmi nəzəriyyələri bioloji konsepsiya kimi təqdim etmək üçün keçmişdən sübut tələb edilməlidir.
Rebeka Ser deyib: “Hər kəs həmişə insan variasiyası, genetika, irq, IQ, əcdaddan danışır və bu söhbətlər antropoloqların iştirakı olmadan baş verir, çünki onlar bizim var olduğumuzu bilmirlər. Özümüz bu məsələdə mövqeyimizi ortaya qoymasaq, əsassız nəzəriyyələr davam edəcək”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...