22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AMEA-nın 80 illik yubileyinin Tədbirlər planı təsdiqlənib

16-05-2024
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında məsələ də müzakirə olunub.

Akademiyadan verilən məlumata görə, iclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2025-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinin tamam olacağını söyləyib. O vurğulayıb ki, AMEA 80 illik tarixi ərzində zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin müasir tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi, innovativ elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ilə AMEA-da yeni islahatlara start verilib. Bu islahatlar əsasən ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına yönəlib.

Qeyd edib ki, hazırda AMEA-da beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən, türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin daha da gücləndirilməsi, akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi müəssisələrin strukturunun yenidən qurulması, elektron hərəkatın inkişaf etdirilməsi, müasir dövrün çağırışlarına uyğun olaraq yeni şöbələrin təşkili istiqamətdə çoxşaxəli islahatlar həyata keçirilir.

“Olduqca əlamətdar bir haldır ki, AMEA-nın 80 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, ölkəmizin regionda və dünyada nüfuzunun yüksəldiyi və öz inkişafının yeni mərhələsinə qədəm qoyduğu bir dövrə təsadüf edir. Hazırda özünün yeniləşmə dövrünü yaşayan Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının müəyyən etdiyi vəzifələri həyata keçirmək istiqamətində genişmiqyaslı islahatlar apararaq yenidən qurulmaqda və inkişaf etməkdə davam edir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan, elmin inkişafında görkəmli xidmətləri olan Akademiya üzvləri respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında mühüm rol oynayırlar.

AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib.

Paylaş: