22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əlilliyi olan 500-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib

14-04-2024

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan 500-dək şəxsə evlərində (səyyar) reabilitasiya xidmətləri göstərib.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlar üçün 1220 reabilitasiya xidməti təmin edilib.

Həmin səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) Nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.

Müraciətə əsasən, Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi şəxsin yaşadığı ünvana gedərək onun ilkin müayinəsini və qiymətləndirməsini aparır.

Sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib edilir. Bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir.

Paylaş: