22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

10-05-2024
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun tabeliyindəki Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb.

AMEA-dan verilən məlumata görə, görüşdə akademik İsa Həbibbəyli tarixi köklərə malik Azərbaycan-Türkiyə əlaqələrinin son illərdə iki ölkənin liderlərinin sıx dostluq münasibətləri sayəsində özünün ən yüksək mərhələsini yaşadığını bildirib. Qeyd edib ki, bu əlaqələr bir çox sahələrdə, o cümlədən elm, təhsil, mədəniyyət istiqamətində əməkdaşlığın genişləndirilməsinə geniş meydan açır.

Bu günlərdə Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli təməlləri 1926-cı ildə Birinci Türkoloji Qurultayda qoyulmuş ortaq türk əlifbasının yaradılması məsələsinin artıq 100 il sonra günün tələbinə çevrildiyini bildirib. Diqqətə çatdırıb ki, bu gün Türk dünyası Türk Dövlətləri Təşkilatı adı altında birləşib və bir çox sahələrdə geniş əməkdaşlıq edilməklə tarixi birlik formalaşıb. AMEA rəhbəri bu birliyin möhkəmləndirilməsi məqsədilə ortaq türk əlifbasının yaradılmasının zərurətə çevrildiyini deyib və bu istiqamətdə atılan addımların sürətləndirilməsinin önəmini vurğulayıb.

Akademik İsa Həbibbəyli, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq məsələsi ilə bağlı bir sıra vacib məqamları diqqətə çatdırıb, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Professor Osman Mert rəhbərlik etdiyi qurum ilə AMEA arasındakı əlaqələri yüksək qiymətləndirib. O, Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclasında ortaq türk əlifbasına keçidlə bağlı mühüm qərarların qəbul edildiyini və xüsusilə AMEA-da bu istiqamətində önəmli addımların atıldığını söyləyib. Xalid Səid Xocayevin 1935-1937-ci illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Dilçilik İnstitutu tərəfindən çap olunmasını yüksək qiymətləndirən professor bu tarixi hadisə ilə bağlı Türkiyənin elmi qurumlarında məlumatlandırma seminarlarının keçirildiyini bildirib. O, daha sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı təkliflərini səsləndirib.

Paylaş: