22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ədəbiyyat Muzeyində “Soyqırımların qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

30-03-2024

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımların qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib.

Fhnews. az science.gov.az-a istinadən xəbər verir ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə erməni millətçiləri xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törədib, insanlıq əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. Belə qanlı cinayətlər sırasında 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi qətliamlar isə miqyasına görə daha dəhşətlidir.

31 mart soyqırımının başvermə səbəbləri və acı nəticələri barədə danışan direktor törədilən ağır cinayətlərin, kütləvi qırğınların, qətliamların ermənilərin azərbaycanlılara qarşı  etnik təmizləmə siyasəti olduğunu vurğulayıb. Qeyd edib ki, bu hadisələr zamanı düşmən sadəcə öldürməklə kifayətlənməyib, Azərbaycanın gələcəyini məhv etməyə çalışıb. 1918-ci ildə mənfur düşmənlər Tiflisdə guya azərbaycanlıların ermənilərə qarşı soyqırımı törətmələri haqqında kitabça buraxıblar. Onlar bununla əslində illərlə törətdikləri cinayət əməlini ört-basdır etmək planını güdüb, növbəti təxribat üçün zəmin yaradıblar.

Akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılıb və Ələkbər bəy Xasməmmədovun rəhbərliyi ilə ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanılıb. 1918-ci ilin 15 sentyabrında Bakı şəhəri yad qüvvələrdən azad edildikdən sonra Azərbaycan Hökuməti Gəncədən Bakıya köçürülüb, Fövqəladə Təhqiqat Komissiyası “Metropol" mehmanxanasında - indiki Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyətini davam etdirib. Onun sözlərinə görə, 15 iyul 1918–01 noyabr 1919-cu il il tarixləri ərzində Komissiyası tərəfindən ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş soyqırımı hadisələrini, zorakılıq hallarını, amansız cinayətlərini əks etdirən 36 cilddən, 3500 vərəqdən ibarət istintaq materialları toplanılaraq Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda, həmin materiallar Paris sülh konfransına gedən nümayəndə heyəti ilə məktubla xarici işlər nazirinə göndərilib.

Diqqətə çatdırılıb ki, ermənilər tərəfindən 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə xalqımıza qarşı kütləvi cinayətlər törədilib. Lakin sovetlər dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim edilib. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında həkk edilməsinə, real həqiqətlərin araşdırılmasına imkan verilməyib.

Məmməd Səid Ordubadinin tarixi faktlar və dərin müşahidələr əsasında “Qanlı sənələr” adlı kitab ərsəyə gətirdiyini söyləyən direktor hələ XX əsrin əvvəllərində ədibin qanlı hadisələrin mahiyyətinə düzgün nüfuz edərək mövcud səbəbləri açıq-aydın göstərdiyini bildirib.

2001-ci ilin aprel ayında Azərbaycan Respublikasının dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurası Parlament Assambleyasında tamhüquqlu üzv qəbul edildiyini xatırladan alim o zaman Azərbaycan tərəfindən hazırlanan ilk sənədin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların tanınması ilə bağlı olduğunu vurğulayıb. O, həmin sənəddə ermənilərin xalqımıza qarşı törətdikləri bütün qətliamların mərhələli şəkildə əks olunduğunu bildirib.

Akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildiyini və martın 31-nin 1998-ci ildən Azərbaycan xalqının matəm, hüzn günü kimi yad edildiyini deyib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsinin artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunduğunu söyləyən direktor Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb: “Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verilib. Qaniçənlərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların, vəhşiliklərin qisası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alınıb. Tarixi Zəfərimizlə Ermənistanın 30 il davam edən işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olunub”.

Akademik Rafael Hüseynov son illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların dünya miqyasında tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tarixi həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılıldığını bildirib. O, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb.

Çıxışının sonunda alim Azərbaycan xalqının öz tarixini, ermənilərin dinc sakinlərimizə qarşı törətdiyi qanlı qırğınları heç zaman unutmayacağını söyləyib.

Paylaş: