24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Günü qeyd olunub

21-02-2024

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim - mənim kimliyim” adlı ədəbi-bədii tədbir keçirilib.

Fhnews.az  AMEA-nın saytına istinadən xəbər verir ki,  tədbiri giriş nitqi ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu diqqətə çatdırıb. Hazırda dünyada 7 mindən çox canlı dilin mövcud olduğunu söyləyən direktor onlardan bəzilərinin geniş yayılmasının səbəbinin bu dilin vətəni olan ölkələrin imperiya keçmişi ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, müxtəlif dillər dünyadakı mədəniyyətlərin ifadəsidir. Dil məhv olarsa onlarla birlikdə bütöv bir mədəniyyət də məhv olar.

Akademik Rafael Hüseynov qeyd edib ki, milli-mənəvi dəyərlərimiz sırasında xüsusi yeri olan Azərbaycan dili mövcud olduğu tarixi dövrlər ərzində həm zəngin inkişaf yolu keçmiş, həm də müəyyən vaxtlarda ciddi təsir və təzyiqlərə məruz qalmışdır.

Direktor qeyd edib ki, təhsil sisteminin milli zəmin əsasında yenidən qurulmasında 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan olunması və avqustun 28-də məktəblərin milliləşdirilməsi haqqında qərarın qəbul edilməsinin mühüm əhəmiyyəti var olub. Lakin Cümhuriyyətin ömrü uzun olmadığından dil haqqında tədbirlər də milli əsaslarla davam edə bilməyib, Azərbaycanda Sovet hakimiyyətinin yaranması ilə bu tədbirlərə son qoyulub, Azərbaycan dilinə dövlət qayğısı birdəfəlik aradan götürülüb.

“Xalqın varlığının ifadə forması olan ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan, gələcəyə çatdıran ən güclü vasitədir. Tarixin dolanbaclarından, sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir”, - deyə akademik Rafael Hüseynov əlavə edib.

XX yüzildə Azərbaycan dilinin daha da inkişaf etdiyini söyləyən alim məhz bu dövrdə dilimizin funksional imkanlarının genişləndiyini, üslublarının zənginləşdiyini vurğulayıb. O, ana dilimizin öz qüdrətini qorumasında, işlək dilə çevrilməsində dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilini çox sevdiyini və bu dildə danışmaqdan zövq aldığını deyən Rafael Hüseynov Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir. Azərbaycan dili çox ləzzətli dildir” sözlərini xatırladıb. Direktor vurğulayıb ki, Ümummilli Liderin ana dilimizə həssas münasibəti Prezident İlham Əliyevin apardığı dil siyasətində də davam etdirilir. Bunu ölkə Prezidentinin dilimizin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar və imzaladığı sərəncamlar bir daha təsdiqləyir. Azərbaycan dilinin bugünkü  səviyyəsi xalqımızın ən qədim, dərin tarixi köklərə malik xalq olduğundan xəbər verir.

“Ana dili ana qədər doğma, əziz və dəyərlidir”, - deyə bildirən akademik Rafel Hüseynov ana dilinin saflığının qorunması və gələcək nəsillərə ötürülməsinin önəminə toxunub. O, dilimizi yad ünsürlərdən qorumağın, dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd edib, Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Daha sonra Beynəlxalq Ana Dili Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Bədii hissə ilə davam edən tədbirdə Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri Xəlil Rza Ulutürkün "Mənim dilim", Zəlimxan Yaqubun “Ana dilim", Bəxtiyar Vahabzadənin "Ana dilim", Tofiq Bayramın "Ana dili" və Nəbi Xəzrinin "Ana dilim" şerlərini səsləndiriblər. Məktəblilərin təqdimatında musiqi nümunələri də təqdim olunub.

Sonda tədbirin bədii hissəsinin təşkilində fəallıq göstərənlər muzey rəhbərliyinin Fəxri fərmanları ilə təltif edilib.

Paylaş: