22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

25 aprel - Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

25-04-2024
25 aprel tarixi dünyada Malyariya ilə Mübarizə Günü kimi qeyd olunur. 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul olunub.
 
Fhnews.az xəbər verir ki, malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur. Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 4 həftə ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.
 
Hər il dünyada 240 milyon nəfər malyariyaya yoluxur və onun yarım milyona yaxını həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Xəstəliyin risk qrupuna daha çox beş yaşınadək uşaqlar daxildir.
 
Xatırladaq ki, ötən ay Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən malyariyadan azad ölkə elan edilib. Bununla bağlı ÜST-nin Avropa üzrə regional ofisinin direktoru Hans Kluge sözügedən nailiyyətin davamlı siyasi sərmayə və səhiyyə işçilərinin fədakarlığı, malyariyaya yoluxma hallarının məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu vurğulayıb.
 
Paylaş: