22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Fhnews.az xəbər verir ki, artıq 17 ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərinin avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpası işlərini yerinə yetirir.
Agentliyin balansında ümumi istifadədə olan 17755 km uzunluqda avtomobil yolu var ki, bunun da 4538 km-i respublika əhəmiyyətli, 13217 km-i isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu baxımdan ötən il AAYDA bir sıra istiqamətlər üzrə tədbirlər həyata keçirib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etdirilib. Tikintisi aparılan uzunluğu 66,4 kilometr təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 kilometr təşkil edən 18 ədədində qazma işləri başa çatdırılıb.
Bundan əlavə, həmin il Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
2023-cü il ərzində 881,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Buraya respublika əhəmiyyətli 418,8 kilometr, yerli əhəmiyyətli 418,5 kilometr və 44,4 kilometr uzunluğunda Bakı şəhər yolları daxildir.
İl ərzində, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində uzunluğu 45 metr, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,2-ci kilomerində uzunluğu 30 metr, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində uzunluğu 65,4 metr olan və Zuğulba prospektində uzunluğu 65 metr, Zığ-Hövsan avtomobil yolunun 1,8, 2,7 və 4,4-cü kilometrlərində (hər birinin uzunluğu 74 metr olan) 7 ədəd yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Eyni zamanda, paytaxtın Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi (I mərhələ) və 8 Noyabr prospektində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) və piyada keçidlərinin tikintisi davam edib.
Həmçinin nəqliyyatın hərəkətinin təhlükəsizliyi sahəsində də məqsədyönlü addımlar atılıb. Belə ki, 2023-cü il ərzində işğaldan azad edilmiş ərazilərdə, Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5 min 946 yol nişanları, 11 min 863 siqnal dirəkləri, 87,6 kilometr uzunluğunda əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 2969,3 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib. Hazırda AAYDA tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasiləsiz olaraq davam etdirilir.
Dövlət başçısının Sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 kilometr olan Şuşa-Laçın avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur. Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən ayrılan və 35,5 kilometr uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 kilometr olan avtomobil yollarında tikinti işləri aparılır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...