Yoluxucu xəstəliklərin təxminən 58 faizi iqlim dəyişikliyi nəticəsindədir
“ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hazırda məlum olan yoluxucu xəstəliklərin təxminən 58 faizi iqlim dəyişikliyi nəticəsindədir. Xəstəlik riskinin artmasına təsir edən ən böyük amil isə qlobal istiləşmədir. Eyni zamanda, qlobal istiləşmə nəticəsində quraqlıq və daşqın bir çox yoluxucu xəstəliklərin artmasına səbəb olur. Quraqlıq zamanı transmissiv xəstəliklərin keçiricisi olan həşəratların (“Aedes”, “Anopheles”, “Culex” cinsinə aid olan) areal dəyişməsi yaranır. Nəticədə hemorraqik qızdırmalar, sarı qızdırma, malyariya kimi təhlükəli infeksiyalar geniş yayılır. Bundan əlavə, quraqlıq zamanı tozlu küləklər oftalmoloji xəstəliklərin artmasına da səbəb olur”.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, çayların daşmasından sonra əmələ gələn gölməçələrdə yığılan su kütləsi ağcaqanadların çoxalması üçün şərait yaratdığına görə vektorlarla ötürülən xəstəliklərin, məsələn malyariyanın yayılma riskini endemik ərazilərdə artıra bilər: “Bu səbəbdən vektorla ötürülən yoluxucu xəstəliklər ictimai sağlamlığa uzun müddətli təhlükə yaradır. Daşqınlar sellər ilə nəticələnəndə bir çox infeksiyaların törədici və keçiricilərinin yerdəyişməsi baş verir. Yeni areallarda məskunlaşan həşəratlar yeni biosenozların formalaşmasına, təbii ocaqların dəyişməsinə səbəb olur.
ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanlara təsir edən mövcud 375 infeksion xəstəlikdən 218-i planetdə iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenlərinin daha təhlükəli olduğu elmi ədəbiyyatda təsdiqlənib. Qarayara, vəba, malyariya kimi xəstəliklərin bəzi hallarda qlobal istiləşmə, quraqlıq, istilik dalğaları, meşə yanğınları, yağışların artması və tufanlar nəticəsində yayılması daha asan olub.
Eyni zamanda, anomal leysan yağışları içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virus hepatitləri, eşerixioz və digər virus və bakterial infeksion xəstəliklərin artımı baş verə bilər.
İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu və keyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərin tezliyinə təsir göstərir. Dünyanın bir sıra ölkələrində sübut edilib ki, orta aylıq temperaturun yüksəlməsi bakterial dizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur. İçməli suda hələ də yoluxucu agentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxış əhalinin sağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraq qalır.
Həkim-infeksionist quraqlıq dövrlərin infeksion xəstəliklərin yayılmasına təsirindən də danışıb: “Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında deyilir. İsti mövsüm gənələrin aktivləşməsinə və onların keçirdikləri xəstəliklərin sayının artmasına şərait yaradır. Quraqlıq meningit və bir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlim dəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır. Bu da öz növbəsində epidemiyaların yayılması ilə nəticələnə bilər.
Sağlam həyat tərzi, yayılan infeksion xəstəliklərdən mümkün qorunma tədbirlərinə əməl etməklə, fərdi qaydada şəxsin bu tip infeksiyalara dözümlülüyünü artırmaq olar. Lakin bütövlükdə bu, məsələni həll etmir. İqlim dəyişiklikləri nəticəsində yarana biləcək infeksion xəstəliklərin qarşısının alınmasının başlıca yolu dünya ölkələrinin kollektiv səyləri vasitəsilə bu dəyişikliklərin mümkün qədər aradan qaldırılmasıdır”.
Sabah Xətainin bəzi ərazilərində qaz...
Azərbaycan və Rusiya Fövqəladə Hallar...
“Air Arabia" aviaşirkətinə məxsus...
Küləkli hava şəraiti ilə bağlı sarı...
Türkiyəli ekspert: COP29 iqlim böhranı...