22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yanvarın 28-i Ümumdünya Cüzam Xəstələrinə Yardım Günüdür

28-01-2024

Hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir.

Fhnews.az xəbər verir ki, həmin gün 1953-cü ildə təsis edilib. Bu, bütün həyatını qorxunc xəstəliklə mübarizəyə həsr etmiş fransız yazıçısı və jurnalisti Raul Folleronun uzun illər göstərdiyi səylər nəticəsində mümkün olub. Həmin günün qeyd olunmasında məqsəd problemə yalnız tibb işçilərinin deyil, həm də geniş ictimaiyyətin, inzibati idarəetmə orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, xeyriyyəçiliklə məşğul olan fondların, dini icmaların və ayrı-ayrı şəxslərin diqqətini cəlb etməkdir.

Cüzam xəstəliyini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen aşkar edib. Xəstəliyin sonrakı tədqiqatları müəyyən etdi ki, patogen insan bədəninə ən çox dərinin zədələnməsi ilə daxil olur və yoluxmuş şəxslə sıx təmasda olduqda hava damcıları ilə ötürülür. Xəstəliyin simptomsuz keçən inkubasiya dövrü 3 ildən 5 ilə qədər davam edir, lakin həmin dövr 6 aydan 20 ilə qədər də ola bilər.

Cüzam bəşəriyyətə məlum olan ən qədim xəstəliklərdən biridir. Bu xəstəlik haqqında məlumatlara eradan əvvəl XV-X əsrlərə aid olan qədim yazılı abidələrdə rast gəlinir. Tibb elminin müasir yenilikləri sayəsində dünyada 14 milyon insan bu qorxunc xəstəlikdən xilas olub. Cəsarətlə söyləmək olar ki, dünyanın təqribən 100-ə yaxın ölkəsində cüzam xəstəliyi tamamilə yox dərəcəsindədir. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılan xəstəlik sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi və s. əlamətlərlə özünü büruzə verir. Hindistan, İndoneziya, Banqladeş, Braziliya və Mərkəzi Afrikanın bəzi ölkələrində bu xəstəlik ciddi problem olaraq qalır.

Ölkəmizdə cüzam xəstələrinin sayı çox azdır və son illər ona rast gəlinmir. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə olunurlar.

Paylaş: