TƏBİB “Sağlam həyat - sağlam həyət” layihəsinin icrasına başlayıb
Vətəndaşların diqqətinin insan sağlamlığına yönəldilməsi, əhalidə bir sıra xəstəliklərin erkən aşkarlanması, səhhətində yaranan xəstəliklərdən xəbərsiz olan vətəndaşların vaxtında ixtisaslı həkimlərə yönləndirilməsi və eləcə də müxtəlif tibbi mövzularda maarifləndirmə işinin təşkili məqsədilə TƏBİB tərəfindən “Sağlam həyat - sağlam həyət” layihəsinə başlanılıb.
Fhnews.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində ilk dəfə Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış massivində baş tutan tibbi aksiyada vətəndaşlara terapevtik, kardioloji, oftalmoloji, pediatrik, nevroloji, endokrinoloji, immunoloji, otorinolarinqoloji, radioloji, USM, laborator və s. tibbi xidmətlər göstərilib.
Layihənin daha əhatəli və keyfiyyətli icrası məqsədilə əraziyə 2 ədəd “Mobil klinika” avtomobili, habelə baş verə biləcək təcili və təxirəsalınmaz halların qarşısının vaxtında alınması məqsədilə təcili tibbi yardım briqadası cəlb olunub.
Tibbi aksiya zamanı cəmi bir həyətdə 230 vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində 375 adda tibbi xidmət göstərilib. Müayinələr nəticəsində 44 nəfərdə qaraciyərin distrofik dəyişikliyi, 34 nəfərdə arterial hipertoniya, 26 nəfərdə miopiya, 17 nəfərdə böyrək daşları, 16 nəfərdə qalxanvari vəzin düyünü, 14 nəfərdə şəkərli diabet, 6 nəfərdə katarakta, 7 nəfərdə vegetativ distoniya və kistaları, 8 nəfərdə stenokardiya və onlarla şəxsdə digər xəstəliklərin əlamətləri aşkarlanıb.
Müayinələr zamanı 5 nəfərdə isə müxtəlif xəstəliklərin daha ağırlaşmış formaları müəyyən edilib. Sağlamlığı üçün ciddi təhdid olan xəstəliklərdən bu günədək xəbəri olmayan vətəndaşlar dərhal TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Bununla yanaşı, tibbi aksiya zamanı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşları tərəfindən tibbi mövzular üzrə təqdimatlar edilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara ilkin səhiyyə xidmətinin əhəmiyyətindən və müxtəlif xəstəliklər, onlarla mübarizə yollarından bəhs edən təbliğat materialları paylanılıb.
“Sağlam həyat - sağlam həyət” layihəsi insanların sıx məskunlaşdığı yaşayış komplekslərində, eləcə də məhəllələrdə səyyar tibbi xidmətin göstərilməsini və sakinlərin şifahi maarifləndirilməsi tədbirlərini özündə ehtiva edir. Layihə çərçivəsində uşaqdan tutmuş böyüyə kimi hər kəsin ilkin müayinələrə cəlb olunması, səyyar müayinələr zamanı hər hansı xəstəlik müşahidə edilərsə, həmin şəxslərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən ilkin səhiyyə müəssisələrinə və ya ixtisaslaşmış tibb mərkəzlərinə yönləndirilməsi nəzərdə tutulur.
Layihə bundan sonra da davam etdiriləcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...