Məktəblilər üçün Qobustanda “Açıq dərs” təşkil olunub
Paytaxt məktəblilərinin iştirakı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda “Qayalar üzərində tarix” mövzusunda “Açıq dərs” təşkil olunub.
Fhnews.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri 32 nömrəli tam orta məktəbin V və VI sinif şagirdləri üçün keçirilən “Açıq dərs”in məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji aksiya keçirmək, Qobustan abidəsinin tarixi barədə məktəblilərə ətraflı məlumat vermək, onları eramızdan əvvəllərə aid qayaüstü təsvirlər və onların yaranma səbəbləri ilə tanış etməkdən ibarətdir.
Dərsdə şagirdlərə bildirilib ki, YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına salınmış Qobustan qoruğunda qədim insanların həyat və məişəti qayaüstü təsvirlərdə canlanır. Qobustanda 6 000-dən çox petroqlif mövcuddur. Onlardan ən qədimi 40 000 il əvvələ aiddir. Burada Paleolit dövründən orta əsrlərə qədər insanların məskunlaşdığı mağaralar, yaşayış yerləri və qəbir qalıqlarına rast gəlmək olar.
Bundan əlavə, şagirdlər qoruq ərazisindəki muzey və mağaralarla yaxından tanış olaraq Mezolit dövrü haqqında geniş məlumat əldə ediblər. Həmçinin dərs zamanı məktəblilər gördükləri mənzərələrin rəsmlərini çəkib, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıblar.
Daha sonra məktəbin müəllim və şagirdləri “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar qoruq ətrafında təmizlik işləri aparıblar.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...