“Azəriqaz” respublika üzrə istehlak edilən qazın həcmini açıqlayıb
Fevralın 1-nə respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 43 milyon 441 min kubmetr təşkil edib.
Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 25 milyon 644 min kubmetr, regionlar üzrə isə bu rəqəm 17 milyon 797 min kubmetr təşkil edib: “Sutka ərzində ümumi qəbulun 59 faizi Bakı və Abşeron yarımadasının, 41 faizi isə regionların payına düşüb. Ötən ilin müvafiq tarixində qazın qəbulu üzrə göstərici 36 milyon 71 min kubmetr təşkil edib və bu il ötən ilə nisbətən 7 milyon 371 min kubmetr artıq qaz qəbul olunub”.
Onun sözlərinə görə, yanvar ayı üzrə isə respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 1 milyard 278 milyon 633 min kubmetr səviyyəsində olub. Həmçinin “Azəriqaz”ın tarixində ən çox qəbul edilən sutkalıq qaz qəbulu da yanvar ayına təsadüf edir. Yanvarın 24-də ümumi sutkalıq təbii qazın qəbulu 47 milyon 376 min kubmetr təşkil edib.
“Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə ötən il ərzində Istehsalat Birliyinə daxil olan müraciətlərin statistikasından söz açıb: “Müxtəlif instansiyalardan, o cümlədən birbaşa vətəndaşlardan 12 min 715 müraciət daxil olub. Onlardan 5461 müraciət “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə, 7254 müraciət isə elektron formada daxil olub. “Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı 2022-ci illə müqayisədə 1027 müraciət azdır”.
İ.Kərbalayev qeyd edib ki, müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, eləcə də qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...