22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İlk dəfə olaraq arxeoloqlar xüsusi geyim forması və çəkiliş dronları ilə təmin ediliblər

22-07-2024
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli işğaldan azad edilmiş Ağdam şəhəri ətrafında abidələr kompleksini ziyarət edib, Arxeologiya və Antropologiya İnstitutunun Şahbulaq arxeoloji ekspedisiyasının fəaliyyəti ilə tanış olub.

Fhnews.az xəbər verir ki, Akademiyadan verilən məlumata görə, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Şahbulaq arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev kompleks ərazisində aparılan qazıntı işləri, qədim yaşayış yeri, alban abidələri, həmçinin XVII əsrə aid edilən Şahbulaq qalasının və Şah Abbas məscidinin tarixi barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, Qarabağın işğalı zamanı Ermənistan arxeoloqları Şahbulaq qalasında və ətraf ərazilərdə aparılan qanunsuz qazıntı işləri zamanı maddi mədəniyyət nümunələrinin xeyli hissəsini dağıdıblar, mövcud artefakları özləri ilə aparıblar. Qarabağ işğaldan azad edildikdən sonra bu ərazilərdə Azərbaycan arxeoloqları tərəfindən qazıntı işlərinə başlanılıb, qədim yaşayış yerləri aşkar olunub, xeyli sayda maddi-mədəniyyət nümunələri tapılıb. Arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş çoxsaylı maddi mədəniyyət nümunələrinə əsasən, burada Qafqaz Albaniyası dövrünə aid şəhər mədəniyyətinin izləri görünür. Böyük bir sahəni əhatə edən ərazi qiymətli tarixi materiallarla zəngindir.

Akademik İsa Həbibbəyli tədqiqat işlərinin genişləndirilməsinin əhəmiyyətini bildirib, Şahbulaq kompleksindən tapılan zəngin materiallar, sənədlər haqqında impakt-faktorlu jurnallarda məqalələrin sayının artırılması, başlıcası isə mükəmməl monoqrafik araşdırma əsərlərinin yazılması və albomların hazırlanması barədə tövsiyələrini alimlərin diqqətinə çatdırıb. AMEA rəhbəri arxeoloqların humanitar elmin digər sahələrini təmsil edən alimlərlə - antropoloqlar, etnoqraflar, paleoseysmoloqlar, toponimiya tədqiqatçıları, folklorşünaslarla birgə kompleks tədqiqat işlərinə cəlb edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, arxeoloqlar ilk dəfə olaraq üzərində akademiyanın yeni embleminin təsvirinin əks edildiyi xüsusi geyim formaları ilə təchiz olunublar. Həmçinin AMEA tərəfindən hədiyyə edilmiş dronlardan ilk dəfə olaraq Şahbulaq abidələr kompleksində istifadə olunub, qazıntı yerlərindən eksklüziv vizual görüntülər əldə edilib.

Beləliklə, bundan sonra arxeoloqlar xüsusi geyim formasında çalışacaq və tədqiqat zamanı dron çəkilişlərindən istifadə edəcəklər.

Paylaş: