İcbari tibbi sığorta ilə babasilin müalicə xərcləri 6 metodla ödənir
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə hemorroidal düyünlərin cərrahi və minimal invaziv yolla müalicəsi məqsədilə 12 min 420 əməliyyat və tibbi prosedur icra olunub.
Fhnews.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəstəliyin müalicəsi ilə bağlı göstərilən tibbi xidmətlərin 97 faizi hemorroidal düyünlərin kəsilərək götürülməsi yolu ilə göstərilib.
Babasilə şübhə olduqda xəstənin kliniki müayinəsi aparılır. Xəstəliyin diaqnostikası üçün həkim tərəfindən rektoskopiya, siqmoidoskopiya və kolonoskopiya kimi instrumental müayinələr təyin oluna bilər. Bu müayinələrin xərci icbari tibbi sığorta hesabına ödənilir.
Düyünlərin ölçüsü və digər xüsusiyyətlərdən asılı olaraq xəstəliyin müalicəsində fərqli üsullar tətbiq edilə bilər. Xəstəliyin ilkin mərhələlərində konservativ (dərmanlarla) və minimal invaziv müalicə üsulları tətbiq edilir. Lakin ağırlaşmış hallarda bu xəstəliyin cərrahi müdaxiləsiz sağalma şansı aşağı düşür. İcbari tibbi sığorta çərçivəsində babasilin aşağıda qeyd olunan cərrahi və minimal invaziv üsulla müalicəsi təminata alınıb:
- Klassik hemorroidektomiya – babasilin ən geniş yayılmış cərrahi müalicə metodudur. Ümumi anesteziya altında aparılan əməliyyat zamanı babasil düyünləri kəsilib xaric edilir.
Xəstəliyin qeyri-cərrahi yolla müalicə üsulları isə aşağıdakılardır:
- Liqaturanın qoyulması – bu metod düyünlərin xüsusi rezin həlqə ilə sıxılması ilə aparılır. Daha az travmatik olan bu prosedur ağrısız, kəsiksiz və qansız aparılır.
- Krioterapiya – babasil düyünlərin toxumaları maye azotun köməyi ilə dondurulur və düyün bir müddət keçdikdən sonra qopur.
- Skleroterapiya - babasil düyünlərə inyeksiya ilə sklerozlaşdırıcı maddə yeridilir. Tədricən düyün quruyub özü qopur.
- Hemorroidal düyünlərin skobalanması və kauterizasiyası –Xüsusi cihazın köməkliyi ilə daxili babasil düyünləri yandırılır. Bu metod xəstəliyin ilkin mərhələsində və hemorrodial qanaxmanı dayandırmaq üçün tətbiq edilir.
- Trombozlaşmış hemorroidal düyünlərin evakuasiyası - yerli anesteziya altında trombozlaşmış düyündə kiçik kəsik açılır və içindəki qan laxtası boşaldılır.
Xəstəliyin diaqnostikası və müalicəsi ilə bağlı sadalanan xidmətlər icbari tibbi sığorta hesabına Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur.
Qeyd edək ki, babasil kimi tanınan hemorroy xəstəliyi düz bağırsağın ən çox rast gəlinən xəstəliklərindən biridir. Hemorrodial düyünlər düz bağırsağın aşağı hissəsində varikoz damarların genişlənməsi nəticəsində meydana gəlir. Babasil xəstəliyi düz bağırsaqda diskomfort və ağrı hissi ilə özünü büruzə verir. Xəstəlik həmçinin anal nahiyədə qaşınma, qanama, defekasiya zamanı ağrı, irinli və selikli ifrazatla xarakterizə olunur.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...