22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN sənayedə radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirib

13-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə Agentlik tərəfindən SOCAR və onun strukturuna daxil olan müəssisələrin ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçiləri üçün “Sənayedə radiasiya təhlükəsizliyi” adlı təlim keçirilib.

Təlimin açılış sessiyasında çıxış edən NRFTDA-nın rəisi Nicat Əliyev Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər barədə məlumat verib və sənayedə radiasiya təhlükəsizliyinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.

Ümumilikdə 40-a yaxın iştirakçının cəlb olunduğu təlimdə Agentliyin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən təşkil edilmiş təlim kurslarında iştirak etmiş peşəkar ekspertləri – Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova, Xüsusi icazə və Dövlət Reyestri şöbəsinin müdiri Ramin Paşayev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Hüquq şöbəsinin müdiri Aysel Həsənova ionlaşdırıcı şüalanmanın sənayedə istifadəsi, geofiziki tədqiqatlar, radionuklid və rentgen  defektoskopiya, radioizotop cihazların istifadəsi zamanı radiasiya təhlükəsizliyinin tələbləri, idxal/ixrac əməliyyatları, beynəlxalq daşımada olan radiasiya təhlükəli bağlamaların markalanması, aktivlik limitləri və nəqliyyat indeksləri, radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarət funksiyalarının keçirilməsində mövcud qanunvericilik tələblərinin icmalı mövzularını əhatə edən təqdimatlarla çıxış ediblər.

İnteraktiv formada keçirilən təlimdə suallar ətraflı cavablandırılıb.

Paylaş: