22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar başa çatıb

25-06-2024
IMG

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı ikigünlük beynəlxalq seminar keçirilib.

Seminarın birinci günü strateji insan resursları və istedadların idarə edilməsi, dövlət qulluğuna kadrlarının işə qəbulunda müqayisəli yanaşma, dövlət qulluqçuları üçün səriştə əsaslı qiymətləndirmə ilə bağlı təqdimatlar edilib, həmçinin bu sahədə son yeniliklər və qabaqcıl təcrübələr bölüşülüb.

Fhnew.az xəbər verir ki, seminarın ikinci günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova “ƏƏSMN-nin sistemində əməkdaşların səriştə əsaslı xidməti fəaliyyətinin qiymətləndirilməsi”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri Fidan Fərzəliyeva “Dövlət qulluqçuları üçün səriştə əsaslı qiymətləndirmə”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar departamentinin müdiri Səmral Əliyev “Dövlət xidmətlərində dizayn düşüncənin tətbiqi və performansın idarəedilməsi”, DİM-in Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov isə “Dövlət Qulluqçularının Xidməti fəaliyyətinin qiymətləndirilməsi informasiya sistemi” adlı təqdimatlarla çıxış ediblər.

İştirakçılar daha sonra DİM-in elektron imtahanlar korpusunda yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur ilə əyani tanış olmaq üçün Mərkəzin yeni binasına baş çəkiblər.

Xatırladaq ki, 2 gün davam edən seminarın əsas məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübələri bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda, ölkələrin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr əsasında müzakirə aparmaq olub.

Tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri, Dövlət İdarəçilik akademiyalarinin rektorları olmaqla, ümumilikdə 70 nəfər iştirak edib. İştirakçılara seminarda iştirakla bağlı sertifikat təqdim olunub.

Paylaş: