23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu il dövlət qeydiyyatından keçmiş müəssisələrin 10 faizdən çoxu xarici investisiyalı olub

15-07-2024
IMG

Cari ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 556 min 28 vergiödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Fhnews.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 95 min 37 vahid (6,5 faiz), o cümlədən fiziki şəxslərin sayı 81 min 340 vahid (6,4 faiz), hüquqi şəxslərin sayı isə 13 min 697 vahid (7,4 faiz) artıb.

İyul ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 182 min 304 vahid təşkil edib və 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 8,1 faiz artım qeyd alınıb.

Bu ilin yanvar-iyun aylarında 6172 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 5528-i (89,6 faiz) yerli investisiyalı, 644-ü (10,4 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 4961-i (80,4 faizi) elektron qaydada, onların isə 4027-si “Asan İmza” ilə, 923-ü yeni üsulla (finkod+mobil nömrə), 11-i SİMA rəqəmsal imzası vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

İyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37 min 636 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9 faiz təşkil edib.

Həmin müddətdə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.

İyul ayının 1-nə dövlət qeydiyyatında olan 117 min 802 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,7 faiz artıb.

Paylaş: